22:25 12-03-2020
news_image
183
FUTBOL

“Futbolçularımızda çox arxayınlıq yaranıb” - Ramin Musayev

"Hələlik legioner limiti yerində "oturub". Ancaq buna yenidən baxılsa, daha yaxşı olar. Məncə, legioner limiti götürülməlidi". 

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. 

Qurum başçısı Azərbaycan Premyer Liqasında uzun illərdi tətbiq olunan legioner limtinin ləğvinin zəruriliyindən söz açıb. Musayev fikrini belə əsaslandırıb: "Ona görə ki, yerli futbolçularımızda çox arxayınlıq yaranıb. Bir bunları silkələmək lazımdır. Adi mobil telefonu götürək, lazım olanda "restart" veririk. İndi futbolçulara da bunu etmək lazımdır (gülür). Özlərində cavabdehlik daşısınlar. Rəqabət olmasa, futbolçu olmayacaq".

Legioner limiti ilə bağlı qərarı AFFA İcraiyyə Komitəsi (İK) verir. Musayev onun üzvü olmasa da, yarışı keçirən qurumun rəhbəri kimi onun iclaslarında daim iştirak edir. Novruz bayramı ərəfəsində də İK-nın növbəti iclası keçiriləcək. Musayevdən həmin toplantında bu təklifi verib-verməyəcəyini soruşduq: "Bilmirəm, nə vaxt iclas olacaq, yalançı olaram. Əvvəl də demişəm, yenə deyəcəm ki, limit götürülməlidir. Başqa cür mümkün deyil. Bilmirəm ki, İK üzvləri hansı fikirdə olacaqlar. Mən öz borcumdan çıxmaq istəyirəm" (sport24.az).