18:16 13-03-2020
news_image
302
DİGƏR NÖVLƏR

Bakıdakı karate üzrə Avropa çempionatı və Azərbaycan Qran-prisinin təxirə salınması müzakirə olunur

İdman qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.

Bu barədə apasport.az saytına gənclər və idman nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, hazırda hər bir dövlətin əsas məqsədi  bütün dünyanı narahat edən  koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq  və əhalisinin sağlamlığını qorumaqdır: "Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdiyi məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən idmançıların  sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan  Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri,  karate üzrə böyüklər arasında Avropa çempionatı və "Formula-1" Azərbaycan Qran-prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır".

Səmayə Məmmədova əlavə edib ki, ölkə çempionatları və birincilikləri də təxirə salınıb.