14:07 15-03-2020
news_image
3690
FUTBOL

3-ü gedir, 4-ü qeyri-müəyyən - "Qarabağ"da islahat ili

Premyer Liqanın lideri "Qarabağ" mövsümün sonunda heyətində ciddi dəyişikliklər edəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Məşqçilər korpusunun etimadını heç cür doğrulda bilməyən qapıçı Vaqner da Silva və Araz Abdullayevlə yeni müqavilə imzalanmayacaq. Kapitan Rəşad Sadıqov isə karyerasını başa vuracaq.

Onlarla yanaşı, sol cinah müdafiəçisi Ailton Silvanın da sözləşmə müddəti başa çatmaq üzrədir. Doğrudur, baş məşqçi Qurban Qurbanov braziliyalının qalmasının tərəfdarıdır. Ancaq müqavilə ilə "Ştutqart"a məxsus olan oyunçunun 1,5 milyon avroluq transfer qiyməti son çempionun əl-qolunu bağlayır. Ailton əgər yay fasiləsində bu məbləğə başqa klublara keçməsə, o zaman yenidən icarə əsasında "Qarabağ"da oynaya bilər.

Mərakeş əsilli yarımmüdafiəçi Abdullah Zubirin də Azərbaycanı tərk etmək ehtimalı yüksəkdir. Fransa vətəndaşı olan 29 yaşlı oyunçu bu ölkədən sərfəli təkliflər alıb. "Qarabağ"la müqavilə müddəti mövsümün sonuna qədər olan Zubir üçün qalmaq son variant olacaq.

Sol cinah müdafiəçisi Rerras Faysal və hücumçu Maqaye Qeye isə məşqçilər korpusunun gələcək planlarına daxil deyillər. Ancaq onların anlaşma müddətinin gələn ilin yayına qədər olması "Qarabağ" rəhbərliyinin işini çətinləşdirir. Fransa aşağı liqa təmsilçilərinin diqqət mərkəzində olan bu futbolçulara danışıq aparmaq üçün icazə verilib. Ağdamlılar Rerras və Qeyenin müqaviləsinə qarşılıqlı razılıqla xitam verməyə hazırdır.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 20 turdan sonra 45 xalla turnir cədvəlinə başçılıq edir.