09:29 18-03-2020
news_image
117
FUTBOL

“Ailəmlə birlikdə evdə olmaq istəyirəm” – “Səbail”in qapıçısı

“Vəziyyət anlaşılmazdır, gözləmə rejimindəyik. Bizə məşq etmək qadağan olub, buna görə hamımız evdə qalırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in qapıçısı Aleksandr Rıbka koronavirus epidemiyası ilə bağlı Azərbaycanda yaranmış vəziyyət barədə danışarkən deyib.

Ukrayna mətbuatına açıqlama verən 33 yaşlı qolkiper hər iki ölkədə eyni situasiyanın yarandığını söyləyib: “Klubda hansısa prosedurdan keçməmişik. Belə bir şey yox idi. Bizə yalnız küçəyə az çıxmağımız məsləhət görüldü. Azərbaycanda gündəlik rejim Ukraynadakı ilə eynidir: hər yer bağlıdır. Fəaliyyətini dayandıracağını deyilsə də, hava limanında işlər davam edir. Restoranlar, kafeler - her yer qapalıdır. Marketler, yanacaqdoldurma məntəqələri və apteklər standart rejimdə çalışır”.

Rıbka ailəsinin yanında olmaq arzusunu da gizlətməyib: “Burada hansısa çatışmazlıq görməmişəm. Marketlərdə hər şey var. Karantin vəziyyətində yaşamaq əlbəttə ki, pisdir. Evdə oturursan, divana bağlısan. Hərəkətsiz oturmaq çox çətindir. Düzdür, indi dünyada situasiya oxşardır. Bunun tezliklə bitməsini istəyirik. Ailəm məni ziyarət edirdi. Amma indi onlarla birlikdə evdə olmaq istəyirəm. Ancaq sözün düzü, bunu necə edəcəyimi bilmirəm”.

Qeyd edək ki, koronavirus epidemiyası üzündən Azərbaycan Premyer Liqasının XXI və XXII turları təxirə salınıb.