09:59 18-03-2020
news_image
440
FUTBOL

Nikolas Raysel: “Koronavirusun təhlükəli olduğunu düşünmürəm” - MÜSAHİBƏ

"Qəbələ"nin hücumçusu Nikolas Rayselin apasport.az saytına müsahibəsi

- Koronavirus pandemiyası səbəbindən matçlar və məşqlər təxirə salınıb. Gününüzü necə keçirirsiniz?
- Həqiqətən də çətindir. Məşq edə bilərsən, amma hazırlıq yoxdur. Alış-verişə də, ticarət mərkəzlərinə də getmək olmur. Mən hər gün səhər dəniz kənarına yollanıram, qaçıram, məşq edirəm. Amma məşq meydançası olmadan bunu etmək çətindir. Formada qalmağa çalışıram. Məşq edirəm, yemək bişirirəm, kitab oxuyuram, dostlarımla pleysteyşn oynayıram. Günü bu cür keçirirəm.

- "Qəbələ" oyunlar təxirə salınana qədər artıq iki oyun idi ki, qalib gəlirdi. Matçların dayandırması komandaya hansı təsiri göstərib? 
- Bu heç də yaxşı olmadı. Çünki biz yaxşı gedirdik. Son iki oyunumuzu qalib başa vurmuşduq və "Qarabağ"a qarşı oynamaq üçün yüksək, güclü motivasiyamız var idi. Lakin insan həyatı hər şeydən vacibdir, nə etmək olar, belə alındı. 

- Koronavirusdan özünüzü necə qoruyursunuz, sizin üçün də təhlükəli durumdur?
- Koronavirusun təhlükəli olduğunu düşünmürəm. Lakin hamımız ehtiyatımızı saxlamalıyıq, özümüzü və ailəmizi qorumalıyıq. Gigiyena qaydalarına riayət etmək lazımdır. Təbii ki, hamımız birlikdə bunu etməliyik.

- Bəs Fransada durum necədir, ailənizlə əlaqə saxlayırsınız?
- İki gün öncə Fransa prezidenti məlum məsələ haqda danışdı. Hazırda orda karantindir. Hər kəs evdə oturmalıdır. Çölə yalnız tibbi və ərzaq mallarını almaq üçün çıxa bilərsiniz. Eynilə İtaliyadakı kimi. 

- Belə variant var ki, ölkə çempionatlarında mövsümlər ləğv edilsə, hazırki liderlər çempion elan ediləcək. Belədə Azərbaycanda da "Qarabağ" çempion elan ediləcək. Bu məsələ barədə fikriniz  necədir?
- Həqiqətən də bu inanılmaz bir şeydir. Əgər çıxış yolu budursa, yəqin ki, bütün liqalarda eyni model tətbiq ediləcək. Əgər "Liverpul" çempion olmursa, "Qarabağ" da olmamalıdır. Bu şəxsən mənim fikrimdir. Ancaq ümid edirəm ki, qarşılaşmalar oynanılmağa davam edəcək və biz bütün turlara çıxacağıq. Çünki futbol üçün yaşayırıq, bu bizim işimizdir.

- Qışdan sonra "Qəbələ"də çıxış etməyə başladınız və çempionatda artıq beş qol vurmusuz. Komandaya yayda qoşulsaydınız, hazırda bombardirlər sırasında yer ala bilərdiniz?
- Komanda yoldaşlarım hər gün mənə kömək olurlar, belə oynamağımın da səbəbkarı onlardır. Bura keyfiyyətimi və iradəmi göstərməyə gəlmişəm. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram. Bu da əməyimin göstəricisidir. 

- Azərbaycan Premyer Liqası haqda hansı fikirdəsiniz? Çempionat sizin üçün çətin gəlir, yoxsa asan?
- Çempionatın səviyyəsi yaxşıdır. Burada gərgin mübarizə var. Təbii ki, çətindir, amma istək varsa bacarmaq mümkündür. Klubda mənə motivasiya və məsuliyyət verdilər. "Qəbələ" həqiqətən yaxşı kollektivə malikdir, özümü burada xoşbəxt hiss edirəm.

- PSJ-də Devid Bekhem, Alfonso Areola kimi məhşurlarla birlikdə oynamısınız. Buna görə özünüzü xoşbəxt hiss edirsiniz? Fransa klubunda qalsaydınız, hazırda Neymar və Mbappe ilə komanda yoldaşı ola bilərdiniz...
-Bəli, mən Xavyer Pastore, Devid Bekhem, Zlatan İbrahimoviç və Ezekyel Lavezzi kimi futbolçularla PSJ-də birlikdə məşq etmişəm. Onlar əla futbolçulardır. Bu oyunçularla oynayaraq onlardan çox şey öyrənmişəm. Mənim vaxtımda əsas komandaya düşmək çətin idi. Çünki Qətər investorları yeni idi və birbaşa böyük adlar transfer etmək istəyirdilər. Amma bugünki gündə görürsünüz, gənc oyunçuları əsas komandaya cəlb edirlər. Klub akademiyanın 90 faizi ilə peşəkar müqavilə imzalayıb. Mənim vaxtımda isə yalnız üç gənclə Alfonso Areola, Yan-Krisrof Bahebek və Yusuf Sabali ilə müqavilə imzalamışdılar. 

- "Qəbələ"ni özünüz üçün tramplin hesab edirsiniz? "Qarabağ" və "Neftçi"yə keçmək istəyərdiniz?
- "Qəbələ" özüməinamımı qaytarmaq və yenidən oynamağım üçün yaxşı imkandır. Həm də Azərbaycanda və Avropada keyfiyyətimi göstərməyim üçün yaxşı oldu. Bu mövsüm "Qəbələ"də 7 oyuna çıxmışam, 5 qol vurub, bir assist etmişəm. Həlledici olmağı sevirəm. Bu mənim işimdir. Meydanı qolsuz və ya assitsiz tərk etmək istəmirəm. Hər oyunda öz imzamı qoymaq istəyirəm. Rəqabətə dözümlü futbolçuyam. Əlbəttə ki, daha yaxşı komandalarda oynamaq istəyərəm. Amma dediyim kimi özümü "Qəbələ" xoşbəxt hiss edirəm. Yenidən birlikdə işləyəcəyimizə inanıram. Komandamızın məqsədləri var və onun üçün çalışacağıq.