15:47 18-03-2020
news_image
176
FUTBOL

“Bizi veclərinə almırlar” - federasiyaya qarşı üsyan

Avropa ölkələrində koronavirus pandemiyası üzündən futbol yarışları təxirə salınsa da, Türkiyə Super Liqasında mübarizə davam etdiriləcək.

Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) son toplantısında Super Liqa matçlarının aprelin sonuna qədər azarkeşsiz keçirilməsi qərarı klubların ciddi narazılıqlarına səbəb olub.

İstər klub rəhbərləri, istər məşqçiləri, istərsə də futbolçuları oyunların təxirə salınmasını tələb edir, federasiyanı sərt şəkildə tənqidə məruz qoyurlar.

Elita təmsilçilərinin bəzi nümayəndələrinin məsələ ilə bağlı reaksiyasını diqqətinizı çatdırırıq.

Berna Gözbaşı (“Kayserispor”un prezidenti): “Digər ölkələrdə olduğu kimi, bizdə də oyunlar təxirə salınmalı idi. Futbolçu da, topdaşıyan da candır”.

Hamza Hamzaoğlu (“Gənclərbirliyi”nin baş məşqçisi): “Bəzi futbolçular “burada nə işimiz var, niyə gəlirik” sualını verirlər. Haqlıdırlar. Bütün Avropa oyunları dayandırıb. Oyunu yenə keçirmək olar, amma gedən həyat geri gəlməz”.

Ünal Karaman (“Çaykur Rizəspor”un baş məşqçisi): “Həkim deyiləm, amma dünyada, ətrafımızda baş verənləri görürük. Lazımsız mübahisələr yaşayırıq. İnsanın dəyəri, canı dünyalarla ölçülməz. Hökumət nümayəndələri insan canı ilə oynamazlar, risk varsa, lazımi qərarı verərlər. Türkiyə Futbol Federasiyası vəziyyəti dəyərləndirib, belə bir qərar verib. Amma insanların ailələri, övladları var. İdarəçilərin rəhbərlik etdiyi insanlar da onların övladları sayılır”.

Hande Sümertaş (“Qalatasaray”ın məşqçisi): “Dünya “evdə qal”, TFF isə “Rizəyə get” deyir”.

Mərt Hakan Yandaş (“Sivasspor”un yarımmüdafiəçisi): “İdman zalları, mini-futbol meydançaları bağladıldı. Adamlar artıq fitnessə də getmirlər. Çünki insanlığı təhdid edən böhranla üz-üzəyik. Xatırlamalı olduğumuz tək şey isə futbolçular da insandır. Oyna, davam, çünki bizim ailəmiz yoxdur”.

Olcay Şahan (“Dənizlispor”un yarımmüdafiəçisi): “Səfər oyununa getmək üçün aeroportdan istifadə edəcəyik, otellərdə qalacağıq, oyunlara çıxacağıq. İşimizlə əlaqədar məcburi təmas quracağıq. Amma bizim də ailəmiz olduğu unudulmasın”.

Fernando Muslera (“Qalatasaray”ın qapıçısı): “Bz evdə qalmaq istəyirik”.

Yekta Kurtuluş (“Antalyaspor”un yarımmüdafiəçisi): “Azarkeşsiz davam qərarı verən böyüklərimizi bizimlə birlikdə təyyarə ilə səyahət etməyə, məşq öncəsi bazada salamlaşmağa və oyunlardan əvvəl paltardəyişmə otağına dəvət edirəm”.

Bernard Mensah (“Kayserispor”un yarımmüdafiəçisi): “Həyat bu dünyadakı ən önəmli şeydir. Ciddi problemlər yaşanır, əvəzində mövsümü davam etdirməkdə israr edirlər. Belə çıxır ki, bizi, həqiqətən də, veclərinə almırlar”.

Səlçuk Şahin (“Bursaspor”un yarımmüdafiəçisi): “Avropada böyük çempionatlar dayandırıldığı vaxt bizim davam etməyimiz düşündürücüdür. “Bursaspor”un kapitanı kimi, bu qərarın yenidən nəzərdən keçirilməsini xahiş edirəm”.