16:26 18-03-2020
news_image
81
TOKİO-2020

“BOK-un bu davranışı məsuliyyətsizlikdir” – 4 qat Olimpiya çempionu

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Tokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaması narazılıqla qarşılanır.

Apasport.az saytının məlumatına görə, BOK üzvü olan kanadalı sabiq xokkeyçi Heyli Uikenhayzer qurumun bugünkü bəyanatına münasibət bildirib.

Qış Olimpiya Oyunlarının dördqat qalibi və 7 dəfə dünya çempionu olan 42 yaşlı mütəxəssis koronavirus pandemiyası səbəbindən Tokio-2020-nin təxirə salınmasını tələb edib: “BOK-un Olimpiadanı təşkil etməkdə israrlı davranışı insanlıq baxımından laqeydlik və məsuliyyətsizlikdir. Önümüzdəki 24 saat ərzində nələr baş verəcəyini planlaşdıra bilmədiyin bir dönəmdə 3 ay sonra nə olacağını bilmək olmaz. Yayılan koronavirus atletlər də daxil olmaqla, hər kəs üçün böyük təhlükədir. Olimpiya Oyunları dünyanın ən böyük idman tədbiridir. Ancaq hazırkı böhran Olimpiadadan da böyükdür”.

Qeyd edək ki, Tokio-2020-nin 24 iyul – 9 avqust tarixlərində keçirilməsi planlaşdırılır.