10:09 19-03-2020
news_image
2262
FUTBOL

Rövlan Muradov: “Mənim də, “Şirin”in də işi çətindir” - MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Rövlan Muradovunun apasport.az saytına müsahibəsi

- Koronavirus pandemiyası səbəbindən çempionat və məşqlər təxirə salınıb. Bu infeksiyadan özünüzü necə qoruyursunuz?
- Hər gün evdə məşq edirəm. Vaxtı gözləyirəm ki, koronavirusla bağlı problem başa çatsın və komanda ilə məşqlər bərpa edilsin. Pandemiya ilə bağlı xəbərləri saytlardan oxuyuram. Demək olar ki, bütün günü evdəyəm. "Evdə qal" şüarına uyğun hərəkət edirəm.

- Koronavirusla bağlı panikaya düşməmisiz ki?
- Əslində panika özü insanı xəstə edir. Bundan söhbət gedə bilməz. Sadəcə insanların çox olduğu yerdən uzaq dururam ki, yoluxmayım.

- Daha çox yaşlıların bu virusa yoluxduğu deyilsə də, bundan gənclər də əziyyət çəkir. Onların siyahısında "Yuventus", "Çelsi", "Valensiya", "Espanyol" kimi klubların futbolçularının da adları da var...
- Doğrudur, qorxulu virusdur. Yoluxmamaq üçün diqqətli olmaq lazımdır. Ona görə də daha çox evdə oluram və məşqlərimi evdə edirəm

- Mövsümün ləğv edilməsi gözlənilsə də, UEFA-nın tələbinə görə liqalar iyunun 30-na kimi başa çatdırılmalıdır. Turnir cədvəlində sonuncu pillədə qərarlaşdığınızı nəzərə alsaq, bunun sizin xeyrinizə olduğunu demək mümkündür? 
- PFL nə qərar verir, biz də əməl etməliyik. Məncə, ən düzgünü onların verdiyi qərardır. Bizə oynayıb, qalib gəlmək qalır. Təbii ki, heç kəs liqanı sonuncu yerdə bitirməyi istəməz. Dördüncü yerlə xal fərqimiz cəmi 4-dür. Ona görə də liqa davam etdirilsə, daha yaxşıdır, çempionatımızda rəqabət də artar.

- "Slaviya"da legioner həyatı yaşamısız. Yenidən Praqa klubuna qayıtmaq ehtimalınız var?
- Bu haqda bir şey deyə bilmərəm. Çünki transfer məsələlərilə menecerim məşğul olur. Hər şeyi zaman göstərəcək.

- Bəs "Slaviya"da niyə qalmadınız?
- Praqadan qayıtmağımın əsas səbəbi dizimdəki ağır zədə idi. Əslində zədə aldığım oyundan qabaq baş məşqçi mənə demişdi ki, "bir həftə sonra "Slaviya"nın əsas komandasına qoşulursan". Meydana çıxdığım oyunda isə ağır zədələndim və iki ay oynamadım.


 
- "Bozbash Pictures"in layihəsində Şirin obrazı ilə tanınan Nicat Rəhimov və mərhum Xalq artisti Yaşar Nuri ilə qohumluq əlaqələrinizin olduğu deyilir. Bu nə dərəcədə doğrudur?
- Bəli, Yaşar Nuri dayım idi. Nicatla isə xalaoğluyuq. 

- Bəs “Şirin” oyunlarınızı izləyirmi?
- Danışırıq, oyunlarımı soruşur, özü də qarşılaşmalarımız baxır. Bir-birimizlə əlaqə saxlayırıq, boş vaxt olanda görüşürük. Mənim də, “Şirin”in də işi çətindir. Bütün günü çəkilişlərdə olduğu üçün bəzi matçlarımıza baxmaya da bilir. Mənim də məşqlərim olduğuna görə tez-tez görüşə bilmirik. Onun sənətinə də hörmətlə yanaşıram. Nicat hər zaman zarafatcıl insan olub. Onun tanınması, bu cür uğurlu olması məni də sevindirir. Yaşar dayını isə tanımayan yoxdur. Uşaqlıqda onlara tez-tez gedərdik. Allah ona rəhmət etsin. Həqiqətən də böyük sənətkar idi.

- Belə demək mümkündür ki, futbolla məşğul olmasaydız, incəsənəti - aktyorluğu seçə bilərdiz?
- Futbolu 5-6 yaşımdan sevməyə başlamışam. Futbolu da atam mənə sevdirib. Çünki atam da keçmiş futbolçudur. Elə 6 yaşımdan da futbolla məşğulam.