11:32 19-03-2020
news_image
47
TOKİO-2020

“Olimpiadanı vaxtında keçirməklə insanların pandemiyadan güclü olduğunu göstərməliyik”

“Koronavirusun yayılması ciddi problemdir. Bu, Olimpiya hərəkatının bütün iştirakçı ölkələrinin ehtiyatlı və vahid yanaşmasını tələb edir”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Qurum başçısı koronavirus səbəbindən keçirilməsi sual altına düşən Tokio-2020 Yay Olimpiya Oyunları barədə fikirlərini açıqlayıb. O, indidən qərar verməyin tez olduğunu, lakin yarışın keçirilməsinə çalışdıqlarını qeyd edib: “Əsas çətinlik onunla bağlıdır ki, vəziyyət çox sürətlə dəyişir. Hazırda hətta bir neçə gündən sonra durumun necə olacağını demək çətindir. Bir neçə həftə sonrakı barədə isə ümumiyyətlə mümkünsüzdür. Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı İşçi Qrupunun Ümumdünya Səhiyyə Təşkilatından cəlb olunan üzvləri belə bir fikirdə ortaqdırlar ki, indi radikal qərarlar verməyin vaxtı deyil. Tokiodakı yarışların planlaşdırılan startına hələ 4 ay qalıb. Bəzi proqnozlara əsasən koronavirusla mübarizədə vəziyyətin yaxşılaşması 2-2,5 aydan sonra gözlənilir. Yaponiyanın baş naziri Sindzo Abe ilə tam razıyam ki, Olimpiadanı vaxtında keçirməklə bütün dünyaya insanların pandemiyadan güclü olduğunu göstərməliyik”.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçiriləcək.