15:55 19-03-2020
news_image
3580
FUTBOL

Dimitrovski: "Qarabağ"a keçidimin doğru olduğunu düşünürəm" - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq şimali makedoniyalı futbolçusu Vladimir Dimitrovskinin apasport.az saytına müsahibəsi

- Karyeranızı Gürcüstanda davam etdirirsiz. "Telavi"yə keçidiniz necə alındı?
- Bəli, iki həftədir ki, komandadayam. "Telavi"də iki oyuna da çıxmışam. Məncə, doğru seçim etmişəm, burada hər şey yaxşıdır.

- "Qarabağ"dan sabiq komanda yoldaşınız Reynaldo da hazırda Gürcüstanda çıxış edir. Onunla görüşə bilmisiniz?
- Onunla tez-tez danışırıq. Biz elə onun formasını geyindiyi Batumi "Dinamo"su ilə oynamalı idik. Sadəcə koronavirus təhlükəsinə görə çempionar dayandırılıb və Reynaldo ilə görüşə bilmədik. Onun "Dinamo"da uğurlu çıxış edəcəyinə inanıram. Çünki o, yaxşı futbolçudur. Reynaldodan savayı, İbrahim Şehiçlə də danışıram. Çumbinyo ilə də münasibətim davam edir. Həmçinin sosial şəbəkədə digər "Qarabağ"lılarla da ünsiyyətim var.

- Reynaldonun komandasına qarşı oynadıqdan sonda həmyerlimiz Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya"ya ilə üz-üzə gəlməlisiz. Onu da tanıyırsınız?
- Xeyr, Nicat haqda məlumatım yoxdur.

- "Qarabağ"dakı anlarınızı necə xatırlayırsınız?
- Doğrudur, orda da çox da oynamadım. Amma “Qarabağ”dakı vaxtları, oyunları çox yaxşı xatırlayıram. Hər şey xatirəmdədir. 

- Bu komandaya böyük ümidlərlə dəvət edilsəniz də, az oynadınız. Həmin vaxt seçimi düz etmədiyinizi demək olar?
- Yox, səhv etməmişdim. "Qarabağ"a keçmək qərarımın doğru addım olduğunu düşünürəm. Sadəcə məsələ burasındadır ki, biz komandada 12 legioner idik və qaydalara əsasən onlardan yalnız 6-sı oynaya bilərdi. Əslində mən belə olmasını bəyənmədim və ona görə də oradan ayrıldım. Yoxsa, "Qarabağ"a gəlməyim doğru qərar idi və Ağdam təmsilçisi mənə görə böyük klubdur. 

- Bəs “Qarabağ”a lazım olmadığınızı nə ilə izah edərdiz?
- Ola bilsin ki, az oynadım. Bəlkə də zaman lazım idi, bilmirəm...

- Ola bilərmi, baş məşqçi Qurban Qurbanov oyununuzu bəyənmirdi? Hər halda digər legionerlər meydana çıxırdı.
- Bunu bilmirəm. Çünki bu, Qurban Qurbanovun qərarı idi. Onun verdiyi qərarlara da hörmətlə yanaşırdım. Dediyim kimi, bəlkə komandada 12 legionerdən cəmi altısı oynaya bildiyi üçün az-az oynayırdım. Bu barədə Qurban Qurbanovla heç nə danışmamışdım. Çünki ona böyük hörmətlə yanaşırdım. 

- "Qarabağ"dan ayrılmaq qərarınızı Qurban Qurbanova necə dediniz?
- Ona dedim ki, az oynadığıma görə komandadan gedirəm. Mən sadəcə meydana çıxmaq istəyirdim. Lakin legioner limitinə görə "Qarabağ"da oynamağım çətin idi. Oradan ayrılmağımın səbəbi yalnız budur, başa bir şey deyil. Yoxsa, bu komandaya və Qurban Qurbanova indi də hörmətim böyükdür. 

- "Qarabağ"la müqavilə imzalamamışdan əvvəl Azərbaycanın digər klubu ilə müqavilə imzalamaq variantınız var idi?
- Onlardan başqa heç bir klubdan təklif almamışdım. 

- "Qarabağ" artıq altı mövsümdür ki, ölkə çempionudur və cari mövsümün də qızıl medallara ən real namizədidir. Sizcə, onların hegemonluğunun sirri nədədir?
- "Qarabağ" böyük klubdur. Yaxşı maliyyə imkanına malik olduqlarından stabillik də dəyişilməz qalır. Üstəlik, komandaya Qurban Qurbanov kimi mütəxəssis başçılıq edir. O da uzun müddətdir ki, heyətin özəyini qoruyur. Komandada bəzi dəyişikliklər olsa da, futbol fəlsəfəsi eyni qalır. Oyun üslubu da həmçinin. Digər komandalarda isə stabillik yoxdur. 

- Azərbaycan Premyer Liqasına qayıtmaq ehtimalınız var?
- Həyatda nəyin-necə olacağını öncədən bilmək olmur. Əgər Azərbaycandan maraq olsa, hər zaman danışıqlara açığam.