17:47 22-03-2020
news_image
2737
FUTBOL

Fasilə zamanı maaşların ödənilə bilməyəcəyinə münasibət - Ramazanovdan

“Koronavirusa görə günümüzün çox hissəsini evdə keçiririk. Həmişə məşqlərdə, oyunlarda olduğumuzdan buna alışmamışıq”.

Bunu apasport.az saytına "Zirə"nin hücumçusu Ağabala Ramazanov deyib.

Milli komandamızın da şərəfini qoruyan futbolçunun sözlərinə görə, fasilədən sonra əvvəlki formanı bərpa etmək çətin olacaq: "Məşqlər və oyunlar üçün çox darıxıram. Amma ilk növbədə insan sağlamlığıdır. İnanıram ki, tez bir zamanda bütün dünya bu virusdan canını qurtaracaq. Fasilədən sonra formanı bərpa etmək çox çətin olacaq. Çünki “istirahət” az deyil. Əsas odur ki, hər şey qaydasına düşsün. Biz formamızı yığarıq".

Ramazanov bildirib ki, klub rəhbərliyi koronavirus səbəbindən yaranmış fasilə zamanı maaşları ödəməsə, onların qərarına hörmətlə yanaşacaq: "Bu mövzuda klubumuzun rəhbərliyi nə qərar verərsə, hörmətlə yanaşacam. Onların qərarları ilə razılaşacam. Futbol üçün çox darıxıram. İndi futbolçu karyerasını başa vuran, meydandan kənar qalanları başa düşürəm. Doğrudan da, çox çətindir".

Qeyd edək ki, UEFA martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtını bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib