21:09 24-03-2020
news_image
1558
DÖYÜŞ NÖVLƏRİ

Rafael Ağayev: “Ondan sonra idman depressiyasına düşdüm, ağlayırdım, özümə qapanırdım” - MÜSAHİBƏ

Karate üzrə Azərbaycan millisinin lideri Rafael Ağayev "AvtoCavab" rubrikasının qonağı olub.

Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin feysbuk səhifəsində baş tutan görüş zamanı beşqat dünya və on birqat Avropa çempionu karyerası, eyni zamanda şəxsi həyatı barədə danışıb.

35 yaşlı karateçi eyni zamanda gələcək arzularından da söz açıb.

- Gündəlik məşq zamanı hansı idman hərəkətlərini edirsiniz?
- Fitnessdən, qaçışdan istifadə edirik. Yarışın hansı dönəmdə olmasından da çox şey asılıdır. Məsələn, 3 və ya 6 aylıq fərq varsa, ilk növbədə qaçışa, fiziki hazırlığa üstünlük veririk, həmçinin texnika, taktika və karate üzərində hazırlaşırıq.

- Necə oldu ki, "Qara brilliant" ləqəbini aldınız?
- Bunu dükandan almamışam. 2006-cı ildə ilk dəfə böyüklər arasında dünya çempionatına vəsiqə qazanmışdım. Həmin vaxt o qədər də tanınmırdım. Amma 19 yaşımda birinci dəfə dünya çempionatında qalib oldum. Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza bu ləqəbi mənə verdi. Həmin gündən bu ləqəbi daşıyıram.

- Yaxınlarınız ən çox hansı vərdişlərinizdən şikayətlənirlər?
- Ailə daxilində bunu ancaq onlar bilər. Dostlarım sözü üzə deməyimdən şikayət edə bilərlər. Mənimlə bağlı ən böyük şikayət isə səbirsiz olmağımdır.

- Rafael Ağayev necə sürücüdür?
- Pis deyil, yaxşıdır.

- Bu il neçə cəriməniz olub?
- Hazırda 4 cəriməm var.

- Ən yaxın dostunuz kimdir?
- Üç yaxın dostum var - Vüqar, İlyas və Hacı Əliyev. Hacı Əliyev bütün dünyada sözünü demiş idmançıdır. Çalışdığımız qədər görüşürük və idman sahəsindəki fəaliyyətimizi müzakirə edirik. Düzdür, məndən balacadır, 3 dəfə dünya, 3 dəfə Avropa çempionu olub. Amma Olimpiada medalının dadını bilir, bu baxımdan mənə kömək olur. Deyir ki, 3 dəfə dünya çempionu olmaqla, Olimpiadada medal qazanmaq tam fərqli hissdir.

- Yerli və xarici kumiriniz kimdir?
- Yerli kumirim yoxdur. Xaricilərə gəlincə, "Yuventus" futbol komandasına azarkeşlik edirəm. Amma Messi, Ronaldo və ya Maradona - yəni konkret kumirim yoxdur.

- Ən sevdiyiniz film hansıdır?
- Ümumiyyətlə, filmləri çox sevirəm. Fantastika və qorxu filmlərini sevmirəm.

- Peşəkar yarışlara ilk dəfə neçənci ildə qatılmısınız?
- Ölkə xaricində ilk yarışım 1994-cü ildə Rusiyada olub və uğurlu alınıb.

- İdmana gəlişinizə ən çox kim təşviq edib?
- İdmana gəlişimin əsas səbəbi ilk növbədə öz istəyim və atam olub. İdmançı ailəsində böyümüşəm, atam 25 il futbolla məşğul olub. Böyük qardaşım peşəkar olmasa da cüdo ilə, ortancıl qardaşım isə boks üzrə respublika çempionatında iştirak edib. İdmanda irəli getməyimdə ilk növbədə Allah, sonra isə valideynlərim və qardaşlarım kömək olublar. Kasıb ailədə böyümüşəm, evimiz kiçik olduğundan, həmişə balaca bir yerdə ortancıl qardaşımla məşq edərdik. Boksçuların əlləri uzun olur və qardaşım sol əldən çox istifadə edirdi. O, sol əldən istifadə edəndə mən də qarın nahiyəsinə zərbə vururdum. Həmin dönəmlərdə idman dəhşətli dərəcədə inkişafda deyildi. Nə bilirdiksə, onun üzərində işləyirdik ki, irəli gedək. Bir sözlə, ailəmə minnətdaram.

- İdmanı seçməsəydiniz, hansı peşənin sahibi olardınız?
- Bunu heç fikirləşmirəm. Çünki həyatda idmandan gözəl heç nə bacarmıram. Özümü idmandan kənarda görmürəm.

- Ən çox nəyə görə əsəbləşmisiniz?
- Bəzən səbirli davranıram. Amma elə an olur ki, səbirsiz davranıram. Çox tərs insanam. Nəyisə istəmirəmsə, onu mənə heç kim məcbur etdirə bilməz.

- Ən çox sevdiyiniz oyun hansıdır?
- "Playstation" oynayıram.

- Bir şans verilsəydi, hansı məşhurla görüşmək istəyərdiniz?
- Komanda şəklində olsaydı, "Yuventus"un bütün futbolçuları ilə görüşmək istəyərdim.

- Sahib olduğunuz ən bahalı əşya nədir?
- Ölkə başçısının hədiyyə etdiyi ev. Hazırda da ailəmlə orada yaşayıram.

- Sosial şəbəkədə sizə neqativ rəy yazanlara cavab verirsiniz?
- Ən böyük problemlərdən biri odur. İki gün ərzində 300-400 rəy alıram. Sevənlər kimi, sevməyənlər də var. Bunu normal qəbul edirəm. Çünki hamı bir-birini istəyə bilməz. Neqativ rəy oxuyan zaman çox əsəbiləşirəm. Elə vaxt olur ki, telefonu götürürəm cavab yazam, sonra səbirli davranıb dayanıram. Çünki bilmirsən onu yazan balacadır, böyükdür. İnsanı tanımadan onun haqqında nəsə demək düzgün deyil.

- Nə vaxtsa idmançı olmağınızdan istifadə edib, kimisə söhbətə çağırmısınız?
- Xeyr. Nə indi, nə də cavanlığımda harasa gedib deməmişəm ki, karateçiyəm, mənə havayı bir fincan kofe verin.

- Niyə imkan vermirsiniz ki, yarışda rəqibləriniz də qələbə qazansın?
- Buna imkan versəydim, indi Rafael Ağayev olmazdım.

- Yaşınız çoxdur, yoxsa qələbələriniz?
- Əlbəttə ki, qələbələrim.

- Karyeranızı bitirdikdən sonrası ilə bağlı hansı planlarınız var?
- Fikrim var ki, Azərbaycanda Rafael Ağayev məktəbini açım. Çünki karateni və ölkəmizi çox sevirəm. İstəyirəm ki, bildiklərimi məndən sonra gələn gənclərə və uşaqlara aşılayım. Gələcəkdə Avropa, dünya və Olimpiya çempionları yetişdirməyi arzulayıram.

- Ən yaddaqalan döyüşünüz hansıdır?
- Peşəkar idmançı daha çox ən gözəl qələbəsini yadda saxlayır. Amma mən buna fərqli yanaşıram. 2012-ci ildə Parisdə keçirilən dünya çempionatında finala qədər bütün rəqiblərim üzərində təmiz qələbə qazandım. İki gün sonra Luici Busa ilə finalda görüşməli idim. Həmin vaxt 5-ci dəfə dünya çempionu olmağıma Busa imkan vermədi. Düzdür, hesab açılmadı. Amma hakimlərin rəyinə əsasən qələbə italiyalıya verildi. Ondan sonra idman depressiyasına düşdüm, təxminən 6 ay hamıdan uzaq oldum. Ağlayırdım, özümə qapanırdım. Hər işdə bir xeyir var. Bir ildən sonra həmin idmançını finalda 7:1 hesabı ilə məğlub etdim.

- Dünya karatesində qərarverici qüvvə olsaydınız, hansı yeni qaydaları tətbiq edərdiniz?
- Qaydaları dəyişərdim, daha sərt zərbəyə üstünlük verərdim. Əvvəllər karatedə iki əllə yıxma fəndi var idi. Eşitdiyimə görə, mənə və bir neçə idmançıya görə həmin qaydanı dəyişdilər. O qaydanı yenidən bərpa edərdim və karatenin bir yox, bir neçə raundluq olmasını istəyərdim.

- Yarışda aldığınız ən ciddi zədə hansı olub?
- Zədələrim olub. Bayaq dediyim kimi, 2012-ci ildə finalda məğlub olmağım mənə daxildən ağır zərbə olub. Dizimdən 3, dirsəyimdən 1 dəfə əməliyyat olmuşam.

- Atanızın hansı arzusunu gerçəkləşdirmisiniz?
- Bu sualı atama və anama tez-tez verirəm. Hər dəfə mənə görə çəkdikləri əziyyəti halal etdiklərini deyirlər. Atam uşaq vaxtı mənə deyirdi ki, 3 dəfə dünya və 5 dəfə Avropa çempionu olmalısan. Deyirdim ki, ata, elə bil bir az çox oldu. Düşünürdüm ki, hərəsini bir dəfə qazanaram. Allah bu gözəl günləri qismət elədi, mən də bunları xalqımla, dostlarımla, ailəmlə bölüşə bildim.

- Bəs bir ata kimi, övladınızın sizin hansı arzunuzu gerçəkləşdirməsini istəyirsiniz?
- Bu barədə hələ düşünməmişəm. Çünki övladımın hələ 3 yaşı var. İstəyirəm ki, hər şeyin hazıra naziri olmasın, bir şeyi arzulayanda dərhal önündə görməsin. Sözün yaxşı mənasında az da olsa, əziyyət çəksin. Çünki zəhmətlə qazanılan 1 manat da insanın canına yağ kimi yayılır. Onu da idmançı görmək istəyərdim. Karate, futbol və ya cüdonun olmasının fərqi yoxdur. Əsas uşaq sevdiyi idman növü ilə məşğul olsun. Hansı növü istəsə, ona da yazdıraram.

- Karatedən başqa hansı idman növünü sevirsiniz?
- Uşaqlıqdan futbolu çox sevirəm. Amma sonra illər, bəlkə də, Hacı Əliyevlə dostluğuma görə güləşə maraq göstərirəm. Düzdür, bu idman növünü tam anlaya bilmirəm. Həmçinin cüdoya da marağım var. Bütün idman növlərinə böyük hörmətim var, amma ən çox futbolu sevirəm.

- Haqqınızda yayılan ən böyük yanlış məlumat hansı olub?
- Çox yalanlar deyilib. Nə spirtli içki, nə tütün məhsulu qəbul etmişəm. Hətta qəlyan da çəkməmişəm. Bu barədə yalan məlumatlar olub. Bundan başqa, demədiyim sözü, etmədiyim hərəkəti mənim adımdan kiməsə çatdırıblar.

- Bəs haqqınızda bilinməyən fakt hansıdır?
- Necə insan olduğumu bilmək üçün gərək məni tanıyasan.

- Bu qədər çempionatların qalibi olmağın nə kimi məsuliyyəti var?
- Çempion olmaq çətindir. Amma ildən-ilə bunu təkrarlamaq daha da çətindir. Mənim xarakterim belədir ki, Avropa, dünya və ya hansısa liqanın çempionu oluramsa, onu yalnız həmin gecə sevinirəm. Sonra qalibiyyəti unudub, gələcək yarışlar barədə düşünürəm. Həm idmanda, həm də həyatda çox istəkli və prinsipialam.

- Həyatda, yoxsa tatamidə daha çox zərbə almısınız?
- Həyatda.

- Pərəstişkarlarınızla görüşürsünüz?
- Əvvəllər daha çox görüşürdüm. Görüşməməyimin səbəbi o deyil ki, özümü artıq ulduz sayıram. Özümü ulduz saymıram, sadə bir vətəndaşam. Sadəcə, Allah milyonların arasında məhz məni bu kürsüyə qalxmaq üçün seçib. Fanatlarımla, məni sevənlərlə görüşməyə, onlarla dərdləşməyə çalışıram. İstəmirəm kimsə desin ki, Rafael Ağayevi gördüm, əlim əlinə dəydi. Belə bir şey yoxdur. Kim mənə doğru bir addım atırsa, mən ona tərəf beş addım atıram.

- Pərəstişkarlarınız tərəfindən deyilən hansı sözlər heç vaxt yadınızdan çıxmayıb?
- Çox sözlər deyilib: "Brilliant"san, karatenin Maradonasısan, Messisisən. Maestro deyənlər var. Ən xoşladığım söz isə "çox sadəsən"dir.

- Sizi insanlara sevdirən xüsusiyyətiniz nələrdir?
- Bundan əvvəlki sualda cavabını verdim. Sadəliyim. Sadəlik insanın daxilindən gəlməlidir, nəyinsə xatirinə 1-2 saatlıq olmamalıdır. "Rafael Ağayev bahalı maşınla keçdi, düşüb qonşularla görüşmədi" deyilməsini xoşlamıram. Çünki bunlar yaxşı xüsusiyyət deyil. Qonşularla da salamlaşmalısan, dostlara da vaxt ayırmalısan. Düşünürəm ki, sadəliyim və diqqətcil olmağım məni insanlara sevdirir.