00:00 26-03-2020
news_image
262
FUTBOL

AFFA - 28

Martın 26-sı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçün əlamətdar tarixdir. 

Apasport.az saytının məlumatına görə, ölkəmizin ali futbol qurumu bu gün yaranmasının 28 illiyini qeyd edir.

1992-ci il martın 26-da təsis konfransı baş tutan AFFA ölkəmizdə futbolun idarə edilməsini həyata keçirən, ona nəzarət edən təşkilatdır. Onun əsas məqsədi futbolun inkişafına və ölkədə populyarlaşmasına nail olmaqdır. 

Yarandıqdan 8 gün sonra – aprelin 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən AFFA 1994-cü ilin mayında UEFA-nın Vyanada (Avstriya) keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda (ABŞ) təşkil olunan 49-cu konqresində FİFA-ya üzv qəbul olunub. Bununla da klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.

Qurumun ilk prezidenti Fuad Musayev 1992-2003-cü, Ramiz Mirzəyev 2003-2007-ci illərdə bu vəzifəni tutub. Sonuncunun 2007-ci ilin oktyabrında vəfatından sonra AFFA İcraiyyə Komitəsinin dekabrın 4-də keçirdiyi iclasın qərarına əsasən prezident səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olunub. 2008-ci ildən assosiasiyanın başçısı Rövnəq Abdullayevdir.

AFFA-nın tərkibində olan əsas qurum İcraiyyə Komitəsi (İK) sayılır. Abdullayevin sədrlik etdiyi İK-nın onunla birgə 13 üzvü var. Bunlar icraçı vitse-prezident və baş katib Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, həmçinin Kazbek Tuayev, İsgəndər Cavadov, Mahir Məmmədov, Elmar Məmmədyarov, Zaur Axundov, Firudin Qurbanov, Fərid Mansurov və Könül Mehtiyevadır.