09:17 30-03-2020
news_image
351
FUTBOL

Alvaro Silva: “Səkkiz il əvvələ qayıtsam, yenə də "Xəzər Lənkəran"a keçmək qərarı verərdim” - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın sabiq ispaniyalı futbolçusu Alvaro Silvanın apasport.az saytına müsahibəsi

- Azərbaycandan ayrıldıqdan sonra Premyer Liqa ilə maraqlanırsızmı?
- Bəli, Azərbaycan çempionatını izləyirəm. Çünki mən indiyə qədər harada oynamışamsa, həmin ölkələrin futboluna baxıram. Hər yerdə dostlarım var. 

- Yəqin ki, turnir cədvəlinə baxanda "Xəzər Lənkəran"ın adını görmürsünüz...
- Elədir.

- Sabiq komandanızın tarixin yaddaşına köçməsini necə şərh edərdiz?
- "Xəzər Lənkəran"ın olmaması Azərbaycan futbolu üçün heç də yaxşı hal deyil. Çünki bu klub ölkənin ən yaxşı və ən vacib klublarından biri idi. 

- Azərbaycana gəlməmişdən əvvəl yetərincə yaxşı - "Malaqa", "Xerez", "Kadiz", "Petrolul" kimi klublarda oynamışdınız. "Xəzər Lənkəran"a gəlmək qərarını verdikdə çox düşündüz?
- Əlbəttə ki, xeyr. Bu yanlış qərar deyildi. "Xəzər Lənkəran"a gəlmək qərarı verməkdə doğru etmişdim. Azərbaycandakı təcrübəmə görə də şadam. Səkkiz il əvvələ qayıtsam, yenə də "Xəzər Lənkəran"a keçmək qərarı verib, Azərbaycana gələrdim. 

- Həmin vaxt Azərbaycanda ən maraqla gözlənilən oyun "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasındakı duel idi. “Böyük oyun”ları necə xatırlayırsız?
- "Neftçi" ilə matçlar hər zaman xüsusi əhəmiyyət daşıyırdı. Bütün oyunlar da gözümün qarşısındadır. Naxçıvandakı superkubok qarşılaşmasını da yaxşı xatırlayıram. Həmin oyunu 2:1 qalib gəlmişdik. Digər matç isə finalda penaltilərlə "Neftçi"yə uduzduğumuz oyundur. 

- Hazırda isə Premyer Liqada "Qarabağ" - "Neftçi" görüşü diqqət mərkəzində olur. Sizcə, bu, “Böyük oyun”u unutdura biləcək? 
- Hər bir derbi digərindən fərqlənir. Məncə, bütün derbilər maraqlıdır. Sadəcə hazırda Azərbaycanın ən güclü komandaları “Qarabağ”la “Neftçi”dir. 

- Qeyd etdiz ki, "Xəzər Lənkəran" Azərbaycan üçün ən vacib komanda idi. Onların fəaliyyətini dayandırmasını nə ilə əlaqələndirərdiz?
- Əslində nələrin baş verdiyini bilmirəm. Amma düşünürəm ki, yəqin kluba maliyyə ayıran şirkət sonradan bundan imtina edib. Bir çox oyunçular da maaş ala bilmirdi. 

- Siz necə "Xəzər Lənkəran"dan pullarınızı ala bildiz?
- Komandadan FIFA-ya şikayət etdik. Lakin klub çıxışını dayandırdığına görə heç nə edə bilmədik. 
 
- "Xəzər Lənkəran"da oynadığınız vaxtlarda "Qarabağ" çempion ola bilmirdi. Lakin hazırda bu klub Azərbaycanda dominantlıq edir, son altı mövsümün qalibidir. Sizcə, onlar bunu necə bacarır? 
- Ağdam təmsilçisi illər əvvəl çox yaxşı işlər gördülər. İndi isə "Qarabağ"ın nəticələri özü gəlir. 

- "Xəzər Lənkəran"ın ən uğursuz oyunu dedikdə, təbii ki, Avropa Liqasının təsnifat mərhələsində "Makkabi"yə (Hayfa) qarşı Lənkərandakı matç yada düşür. Həmin görüşdə ikinci hissədə meydana çıxmışdınız. İllər keçsə də, hələ də bu matç haqda çoxlu söz-söhbət gəzir. Bəlkə indi 0:8 hesablı məğlubiyyətin əsas səbəbini açıqlayasız? 
- İnanın, bu görüşdə nələr baş verdiyini daha dəqiq deyə bilmərəm. Çünki həmin ərəfədə övladlarım dünyaya gəldiyi üçün İspaniyaya qayıtmışdım. Azərbaycana da məhz matç günü döndüm. Bu səbəbdən də ikinci yarıda meydana çıxdım, sonda isə 0:8 hesabı ilə uduzduq. Ona görə də bu barədə ətraflı nəsə deyə bilməyəcəm. Təəssüf ki, belə hesab alınmışdı.