12:22 30-03-2020
news_image
256
FUTBOL

Nicat Qurbanov: “Azərbaycana dönsək, geri qayıtmaq problem ola bilər” - MÜSAHİBƏ

Azərbaycandan kənarda legioner həyatı yaşayan azsaylı futbolçularımızdan biri Nicat Qurbanovdur. 28 yaşlı hücumçu Gürcüstanın yüksək liqasına qayıtmasında böyük pay sahibi olduğu "Samtredia"yla müqaviləsini uzadaraq artıq bu çempionatın da həyəcanını yaşayıb. Ancaq dünyanı bürüyən koronavirus pandemiyası qonşu ölkədə də futbolu dayandırıb. Nicatla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlandıq. Apasport.az saytının məlumatına görə, Qurbanov müsahibəsində bir sıra mətləblərdən danışıb. 

- Gürcüstanda vəziyyət necədir? Çempionat dayandığı bir vaxtda günün necə keçir?
- Burda ümumi durum pis deyil. Hələ ki hər şey normaldır. Sadəcə, yalnız marketlər və apteklər işləyir. Başqa hər yer bağlıdır. Buna baxmayaraq, panika da yoxdur. Hamı öz işi ilə məşğuldur. Həyat normal axarı ilə davam edir. Küçəyə çıxmamaq kimi məhdudiyyətlər hələ ki yoxdur. Gigiyenik qaydalara riayət etməyi tövsiyə edirlər.

- Orda koronavirus geniş vüsət alırmı? Azərbaycanla müqayisə edə bilərsən?
- Belə deyim ki, Azərbaycanda yoluxma halları 100 nəfəri keçibsə, burda 90 nəfərdir. Yüksək yayılma yoxdur. Buna baxmayaraq, Gürcüstan rəsmilərinin açıqlamalarında bildirilir ki, yayılmada artım gözlənilir.

- Ailənlə Tiflisdə qalırsan?
- Bəli, Tiflisdə qalıram. Ailəm də yanımdadır.

- Azərbaycana dönməklə bağlı planınız var idi?
- Hələ ki burdayam. Yerli federasiyadan çempionatın nə vaxt başlaması ilə bağlı bir qərar yoxdur. Onlar da gözləyirlər. Vəziyyət yaxşılığa doğru getsə, aprelin ortası çempionat başlaya bilər. Yox, virusun yayılması artsa, yəqin ki, vaxtı uzadacaqlar. Buna görə də klubdan deməyiblər ki, evə gedin və ya gözləyin. Azərbaycana dönsək, sonradan geri qayıtmaq problem ola bilər. Həm də Azərbaycanda bizi karantinə götürəcəklər. Azyaşlı övladım var. Buna görə də bir az ehtiyat edirik ki, karantində çətin olar. Şükür ki, burda vəziyyət yaxşıdır, problem yoxdur. Hər cür şərait olduğu üçün də qayıtmağa tələsmirəm. Çempionatın bərpası uzansa, o zaman güman ki, qayıdacam.

- Bizdə də qeyri-müəyyən vəziyyətdir. Orda isə virus geniş yayılmayıbsa, azarkeşsiz olsa belə, çempionat başlaya bilər?
- Xəstəlik geniş yayılmasa, yəqin ki, azarkeşsiz də olsa başlamağı düşünərlər. Sadəcə, aprelin 23-ünə kimi ölkədə karantin rejimi tətbiq olunur. Məşqlər də, tədbirlər də təxirə salınıb. Buna görə də 23 aprelə kimi heç bir yarışın olmayacağı dəqiqdir. Yalnız bu tarixdən sonra, yəqin ki, vəziyyətə baxıb qərar verəcəklər. Xəstələrin sayı artsa, vaxt da uzanacaq.

- Sonuncu dəfə meydana nə vaxt çıxmısan? Yüksək liqada özünü necə hiss edirsən?
- Martın 7-də. Samtrediyada Kutaisi "Torpedo"su üzərində 1:0 hesablı qələbə qazandıq. İki tur geridə qalıb. İlk oyunda məğlub olduq. İkinci oyunda vurduğum qolla 1:0 hesablı qələbə qazandıq. Turnir cədvəlində 4-cü pillədəyik. Maddi durumumuz qaydasındadır, komandamıza təcrübəli futbolçular gəlib. İlk turda "Lokomotiv"ə uduzduq. Çempionatda hal-hazırda ən yaxşı komandalardan biridir. İlk turdan bu, özünü göstərir, yaxşı oynayır. Evdə yaxşı oyunla ilk qələbəmizi qazandıq. Yüksək əhval-ruhiyyə yarandı və düşünürdük ki, növbəti oyunda da bunu nəticədə əks etdirərik. Matçımız martın 12-si idi. Ancaq bundan 1 gün əvvəl, məşqdən sonra dedilər ki, oyun yoxdur. Komanda çempionatın startında həmişə turdan-tura artırır. İndiki şəraitdə durumumuz pis deyil. İlk turda da yaxşı oynadıq, sadəcə, kollektiv yeni olduğu bəzi səhvlər də var idi. İkinci matçda bunu düzəltməyə çalışdıq. Bunun öhdəsindən tam gəlməsək də, səhvləri minimuma endirməyə səy göstərdik. 

- Ancaq indi də çempionat dayanıb və komanda oyun ritmindən düşdü...
- Elədi, futbolçular tonusdan düşdü. Məşqsiz qalmışıq, bu, yəqin ki bir aydan çox olacaq. Bu, artıq bizim üçün problemdir.

- Özü də bizdən fərqli olaraq sizdə mövsüm yeni başlamışdı...
- Bəli, bizi daha geri sala bilər. Burda "yaz-payız" sistemi ilə keçirilir. Çempionat dekabrın 11-də bitmişdi, martın 1-də başladı. Komanda yenidən təlim-məşq toplanışı keçməlidir, yenidən forma yığmalıdır. Sonra necə olacaq, bunu deyə bilmərik. Gərək zaman göstərsin. Belə uzun pauzada nə qədər peşəkar futbolçu olsan da, komanda məşqiylə fərdi məşq arasında çox böyük fərq var. Buna görə əvvəlki formanı bərpa etmək biz az yox, əməlli çətin olacaq. Ancaq işimizin adı nədir... Çempionata hazırlaşaraq özümüzü yaxşı tərəfdən göstərərik. 

- Ev şəraitində formanı necə saxlayrsan? Bütün gün evdə olmaq darıxdırıcı deyil?
- Ötən həftənin cümə gününədək küçəyə çıxırdıq. Parkda qaçırdım, burda mini-meydançalar var. Dostlarda futbol da oynayırdıq. Martın 27-də telefonlara mesaj gəldi ki, evdən çıxmayın. Düzdür, məcburi deyil, amma çıxmaq tövsiyə olunmur. Buna görə də ehtiyatla davranır, özümüzü qoruyuruq. Çalışırıq ki, küçəyə çox da çıxmayaq. Sadəcə, alış-veriş üçün çıxırıq. Tonusda qalmaq üçün məşqçilər tərəfindən göndərilən təmrinlər var. Evdə gün ərzində onları yerinə yetiririk.

- Klub maddi öhdəliklərini yerinə yetirir?
- Bu barədə hələ ki danışıq olmayıb. Mart ayının maaşını apreldə alırıq. Bu ay məşqə də çıxmışıq, 2 oyunumuz da olub. Apreldə isə məşq çox güman belə oymayacaq. Ona görə də heç nə bilinmir. Rəhbərlik də bu barədə bizimlə danışmayıb. Fevralın maaşını bu ay almışıq.

- Azərbaycandakı qohumlarınla, tanışlarında əlaqə saxlayarsan. Necədir vəziyyətləri?
- Evlə əlaqə saxlayıram, dost-tanışla danışıram. Virusla bağlı vəziyyət elədir ki, gərək özün özünü qoruyasan. Panikaya düşməyəsən. Panika düşəndə istər-istəməz insan qorxu içində yaşayır. Bizdə evdə də hamı buna normal yanaşır, şəxsi gigiyena qaydalarına əməl edirlər. Məcbur olduqları halda, yalnız alış-veriş üçün evdən çıxırlar. Yenə deyirəm, bu xəstəlik panikanı sevmir. Əsas odur ki, qaydalara əməl edək. İnşallah, tezliklə bu bəla bütün dünyadan gedər və hər kəs öz rahat, normal həyatına qayıdar.

- Gürcülər şən millət sayılır. Onlarda necə, panika müşahidə olunur?
- Xeyr, burda panika görmədim. Düzdür, marketlər xaric hər yer bağlıdır. Əhali isə normal öz həyatını yaşayır. İlk günlər marketlərdə sıxlıq olsa da, indi o da yoxdur.

- Virusun yayılması Tiflisdə, yoxsa paytaxtdan kənarda daha çoxdur?
- Bildiyim qədər ilə, yoluxma əsasən Bolnisi və Marneulidə olub. Oraların yollarını da bağlayıblar. Heç kimi buraxmırlar. Tiflisdə də var, amma o dərəcədə deyil. Gürcü dilini bilməsəm də, rus dilində olan xəbərləri oxuyuram. Vəziyyət elə də pis deyil, panika yoxdur. Qabaqlayıcı tədbirlər kimi xəbərdarlıq edirlər ki, nələri etmək olar, nələri olmaz. Əsas tövsiyə edirlər ki, yaşlı insanlar küçəyə çıxmasın. Bizdəki kimi yəni.

- Azərbaycandakı komanda yoldaşlarından kiminləsə əlaqə saxlayırsan?
- Bəli, hər gün danışırıq. Xüsusən bugünlərdə evdə olduğumuz üçün daha çox vaxtımız var, əlaqə saxlayırıq. Hamı futbol üçün darıxır. Məşqçilərin verdikləri məşqləri də evdə edirlər. Canlı yayım açıb məşq edə-edə söhbət edirik. Hamı öz işi üçün darıxır (sport24.az).