13:53 30-03-2020
news_image

“Ümid edirəm ki, təsnifat turnirini nəhayət AİBA-ya həvalə edəcəklər” – AİBA rəsmisi

“Fikrimcə, Olimpiya Oyunlarını 2021-ci ilin yazında deyil, yayında keçirilməsi qərarı düzgündür. Birincisi, 2021-ci ilin yayına kimi böyük ehtimalla koronavirusla bağlı durum normallaşacaq, ikincisi isə təxirə salınan bütün təsnifat turnirlərini keçirə biləcəyik”.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü, Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov deyib.
 
O bildirib ki, Böyük Britaniyanın paytaxtı Londonda yarımçıq qalan Avropa Olimpiya Təsnifat Turnirini başlamaq səhv addım olub: “Ümumiyyətlə, başa düşmürəm ki, Beynəlxalq Olimpiya Komitəsi çoxsaylı tövsiyələrə baxmayaraq, niyə Londonda təsnifat turnirini başladı. Həmin vaxt yoluxma təhlükəsi yüksək olsa da, BOK buna məsuliyyətsiz yanaşdı. Nəticədə Türkiyə, Xorvatiya və Ermənistandan olan boksçular xəstələndi. Ümid edirəm ki, təsnifat turnirini nəhayət AİBA-ya həvalə edəcəklər. Bu yaxınlarda BOK və AİBA arasında qarşılıqlı anlaşma yaranmalıdır. Londondakı turnirin təşkilatçılığı aşkar şəkildə pis idi. BOK Olimpiada ilə, beynəlxalq federasiyalar öz növünün inkişafı ilə məşğul olmalıdır. Əks halda isə özfəaliyyət alınır”.

Qeyd edək ki, Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turniri martın 14-də start götürsə də, cəmi üç gün davam etdikdən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan boksçularından Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.