11:06 31-03-2020
news_image
214
FUTBOL

Ampuero: "Azərbaycanda oyun gərginliyi Perudakından yüksəkdir" - MÜSAHİBƏ

"Zirə"nin müdafiəçisi Alvaro Ampuero ölkəsi Peru mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı sol cinah oyunçusu Azərbaycandakı son durum barədə danışıb.

Ampuero eyni zamanda Azərbaycan Premyer Liqası və "Zirə" barədə də fikir bildirib.

- Azərbaycanda 250-dən çox koronavirus xəstəsi aşkarlanıb. Təcrid şəraitində yaşayırsınız?
- Burada kütləvi tədbirlərin keçirilməməsi üçün bir sıra addımlar atılıb, ictimai qurumların fəaliyyətinə məhdudiyyətlər qoyulub. Hələlik hər şey normaldır. Şəxsən mən evdəyəm və vəziyyətin düzəlməsini gözləyirəm.

- "Zirə" klubu bununla bağlı hansı tədbirlər görüb?
- Evdə təlim planımız var. Təxminən 15 gün əvvəl məşqləri dayandırdıqda izləmişdik.

- Peru ilə müqayisədə Azərbaycanda futbolun səviyyəsi necədir?
- Yaxşı səviyyəli çempionatdır. İlk vaxtlar necə liqa ilə qarşılaşacağımı bilmirdim, amma yaxşı mənada təəccübləndim. Fikrimcə, Azərbaycanda oyun gərginliyi daha çoxdur. Peruda isə texniki futbol üstünlük təşkil edir. Ancaq Premyer Liqa hər cəhətdən yaxşı səviyyədədir.

- Artıq 8 aydır ki, Avropadasınız. Bu müddətdə başqa bir klubdan və ya Perudan təklif almısınızmı?
- Dekabr ayında Perudan təklif almışdım. Amma "Zirə" ilə müqavilə müddətim mövsümün sonuna qədərdir və komandada rahatam. Gələn mövsüm necə olacağını hələ bilmirəm. Hazırkı durumla əlaqədar hər şey qarışıqdır. Ümid edirəm ki, tezliklə həm Azərbaycanda, həm də bütün dünyada koronavirus problemi həll edilər. O zaman gələcək karyeram barədə düşünə bilərəm.

- Statistika uğurlu çıxış etdiyinizi göstərir. Orada müdafiənin sol cinahında oynayırsınız?
- Bəli, sevindirici haldır ki, müntəzəm çıxış edirəm. Bura gəlməzdən əvvəl "Munisipial"da çoxsaylı zədələrə görə istədiyim qədər oyun şansı qazanmırdım. Amma burada əvvəldən stabilliyi tapa bildim. Əksər oyunları cinah müdafiəçisi kimi keçirirəm. Bəzi görüşlərdə isə mərkəz müdafiəsinin solunda çıxış etdim.

- "Munisipial"a qayıtmağı xəyal etmirsiniz?
- Hər gün Azərbaycanda inkişaf etmək barədə düşünürəm. Avropada yüksəliş və inkişaf baxımından buranın yaxşı yer olduğunu hiss edirəm. Düzdür, Azərbaycan çempionatı elə də çox tanınmır. Ancaq mənim hədəfim pillə-pillə irəliləməkdir.