13:05 31-03-2020
news_image
346
STOLÜSTÜ OYUNLAR

“Rəcəbovu ikinci dövrəyə buraxmaq olmaz" – rusiyalı şahmatçı

“İddiaçılar turnirinin ikinci dövrəsini səbirsizliklə gözləyirəm. Düşünürəm ki, birinci dövrə ilə müqayisədə daha inamlı çıxış edə biləcəyəm”.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı şahmatçı Kiril Alekseyenko deyib.

Koronavirus pandemiyası üzündən yarımçıq qalan İddiaçılar Turnirinin iştirakçısı eyni səbəbdən yarışa qatılmaqdan imtina edən Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun iştirakçılar sırasına qayıtmaq tələbinə cavab verib: “Bir variant kimi Rəcəbova 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirinə “wild card” təklif olunur. Ümumilikdə götürsək, bu addım məntiqlidir. İndi onu Maksim Vaşye-Laqravın yerinə ikinci dövrəyə buraxmaq olmaz. Fransız Yan Nepomnyaşi ilə birlikdə liderlik edir, turnirin də yarısı oynanılıb”.

Alekseyenko ABŞ şahmatçısı Qata Kamskinin İddiaçılar Turniri ilə bağlı fikirlərinə də münasibətini açıqlayıb. O bildirib ki, Kamskinin dediyi kimi turnirin yenidən, bu dəfə 9 nəfərlə təşkil olunması nəzərdən keçirilmir.

Qeyd edək ki, Teymuru yarışda əvəzləyən Vaşye-Laqrav məsələyə “Çox gecdir...” ifadəsi ilə qısa münasibət bildirib.