13:21 31-03-2020
news_image
407
FUTBOL

Con Kamara: "Sanki müharibədəyik" - MÜSAHİBƏ

"Keşlə"nin syerre-leonalı futbolçusu Con Kamaranın apasport.az saytına müsahibəsi

- Futbolsuz günlərinizi nə ilə əvəz edirsiniz? Günlər darıxdırıcı keçir?
- Belə çox sıxılıram. Düşünürəm ki, digər oyunçular da darıxır. Futbol həyatımdır. Bütün günü evdəyəm, fərdi məşq edirəm. Yemək hazırlayıram, filmə baxıram, mahnıya qulaq asıram.

- Koronavirusa yoluxmamaq üçün nə edirsiniz?
- Bu virus həm mən, həm də bütün dünya üçün əsl təhlükədir. Xəstəlikdən dünyasını dəyişənlər az deyil. Ona görə də çox ehtiyatlı olmalıyıq. Antibakteriyal maddələrdən, əlcək və maskadan istifadə edirəm. Hər dəfə supermarketə gedəndə diqqətli və qorxu içində oluram.

- Çoxları koronavirus pandemiyasının bir çox insanların psixologiyasına da təsir etdiyini düşünür. Siz necə fikirləşirsiz?
- Doğrudan da adama psixoloji təsir edir. Dünya sülh içindəydi, amma indi sanki müharibədəyik. Özü də bizim yaratmadığımız müharibədir. Fiziki, psixoloji və emosional olaraq narahatam. Koronavirusdan ölüm xəbərləri yağış damcısı kimi sürətlə gəlməyə davam edir. Ona görə mənə də psixoloji olaraq təsir edir. 

- Koronavirus pandemiyası başlayan kimi Syerre-Leonaya qayıtmaq istəyirdizmi?
- Bu virus bitməyənədək heç nə fikirləşmirəm. Hazırda ölkəmdə koronavorus yoxdur. Buna görə Allaha şükür edirəm. Hələ ki, koronavirus yoluxması qeydə alınmayıb. 

- UEFA futbolçuların maaşlarının 50 faizini almamasını xahiş edib. Siz də bu məbləğdən keçməyə hazırsınız? 
- Hələ ki, maaş məsələsi haqda heç nə eşitməmişəm. Ona görə bu barədə bir söz də deyə bilməyəcəm. 

- Azərbaycan çempionatının bərpası barədə nə düşünürsünüz?
- Vəziyyətə baxanda, düşünmürəm ki, çempionat davam etsin. Çünki koronavirusa yoluxanların sayı artmaqdadır və virus təhlükəsi var. Ona görə də yaxın aylarda necə olacağını heç bilmirəm. 

- Azərbaycanda gücləndirilmiş karantin davam edir. Evdən çıxmaq məhdudlaşdırılıb. Çoxları buna əməl etmir. Siz bunu necə qarşıladız? 
- Evdə oluram, fərdi məşq edirəm. Yemək bişirmək mənim hobbimdir. Müqəddəs İncil kitabını da oxuyuram. Karantin barədə isə məlumatlıyam. Karantinə əməl etməkdən başqa seçimimiz də yoxdur. Digər insanlar kimi karantinə əməl edəcəm ki, tez bir zamanda hər şey düzəlsin.