18:42 31-03-2020
news_image
325
STOLÜSTÜ OYUNLAR

“Teymur düzgün tövsiyə verdi və haqlı çıxdı – başlamaq lazım deyildi” - Kirsan İlyumjinov

“Hər halda mən 23 il FİDE-nin prezidenti olmuşam. Qərarlar vermək, bunları icra etmək lazım idi”. 

Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin sabiq prezidenti Kirsan İlyumjinov deyib.

Sabiq qurum rəhbəri İddiaçılar Turniri ilə bağlı yaranan duruma münasibət bildirib. O, koronavirus pandemiyası üzündən yarımçıq dayanan yarışa eyni səbəbdən qatılmaqdan imtina edən, indi isə yerini qaytarmaq istəyən Azərbaycan şahmatçısı Teymur Rəcəbovla FİDE arasındakı narazılığa şərh verib: “Bir sözlə, mən bir yandan FİDE-nin tərəfindəyəm. Amma digər tərəfdən Teymur Rəcəbovun. O, çox parlaq istedadlı şahmatçıdır. Həmişə ondan xoşum gəlib və gəlir. Onun şahmat karyerasının başlanğıcını da xatırlayıram. 16 il əvvəl mən Qran-Prinin ilk mərhələsini keçirirdim. Biz Dubaydakı Beynəlxalq Mərkəzdə oynayırdıq. Onda Teymur Harri Kasparovu məğlub edərək qalib oldu. Həmin vaxt onun yəqin 15 yaşı olardı. Bir sözlə, o, istedadlı şahmatçıdır və öz nəticələri ilə tez-tez sevindirir”.

İlyumjinov "chess-news.ru"ya müsahibəsində indiki vəziyyəti şahmatdakı pata bənzədib: “Teymurun İddiaçılar Turnirində oynamamağı normal deyil. Çünki oynamalı idi. 2-3 deyil, 5-10 gediş qabağı görməli olan hər bir qrossmeyster kimi Rəcəbov da vəziyyəti düzgün qiymətləndirdi ki, koronavirus bütün dünyada addımlayır, daha çox insan yoluxur. Belə vəziyyətdə bu turniri başlamaq düz deyildi. O, öz fikrini şahmatçı kimi deyil, mətbuatı, dünyadakı vəziyyəti izləyən ciddi insan kimi dedi. O, düzgün tövsiyə verdi və haqlı çıxdı – başlamaq lazım deyildi. Amma FİDE-də necə deyərlər “ata-rəhbərlər” var və onlar vəziyyəti öz tərəflərindən ölçüb-biçdilər. Şahmat oyunundakı kimi Rəcəbov hesab etdi ki, başlamaq olmaz, FİDE isə olar. İndi pat vəziyyəti yaranıb. Bir tərəfdən Teymur haqlı çıxdı və oynamalı idi. Digər yandan FİDE ali orqandır və onun Prezident Şurası turniri başlamağa, sonra dayandırmağa qərar verib”. 

Sabiq prezident Anatoli Karpovla Harri Kasparov arasında yarımçıq qalan Şahmat tacı uğrunda qarşılaşmanı da yada salıb: “Vaxtilə FİDE-nin V prezidenti etdiyi kimi... Onda Anatoli Karpovla Harri Kasparov yarım il oynadı, Florensio Kampomaneslə FİDE matçı dayandırmağa qərar verdi. İndi də belədir. Mən kimi isə mühakimə etmək və ya şərh vermək istəmirəm. Sadəcə, turnirin dayandırılması təəssüf doğurur”.