12:43 02-04-2020
news_image
131
FUTBOL

"Futbolçuların hamısını nəzarətdə saxlamaq asan deyil" - Jelko Sopiç

"Bu günlərdə hamı kimi, mən də evdə qalıram".

Bunu apasport.az saytına "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis koronavirus pandemiyası ilə bağlı çempionatda yaranmış fasilə dönəmindən danışıb. 46 yaşlı çalışdırıcı gününü evdə keçirməyə üstünlük verdiyini söyləyib: "Əvvəllər hər tərəf açıq olanda az da olsa çölə, gəzintiyə çıxardım. Amma indi yalnız evdə otururam. Səhiyyə əməkdaşlarının bütün tələblərinə riayət edirəm. Günümün, demək olar ki, 99 faizini evdə keçirirəm".

Sopiç belə durumlarda futbolçuları nəzarətdə saxlamağın çətinliyindən bəhs edib. Ancaq o, yetirmələrinin xüsusi məşq proqramı əsasında evlərində çalışdıqlarını vurğulayıb: "Biz oyunçulara fərdi məşq keçmək üçün proqram vermişik. Əlbəttə, hamısını tam nəzarət altında saxlamaq o qədər də asan deyil. Bu günlər xüsusi diqqət tələb edən vaxtlardır. Futbolçulara nə etməli olduqları barədə təlimat vermişik. Onlar da tapşırdığımız proqrama uyğun məşqləri edirlər. Bundan əlavə, hər bir futbolçu özünə uyğun plan hazırlamalı, hər an hazır olmalıdır. Çünki qarşıdakı 1-2 ay ərzində necə olacağını, futbol oynayıb-oynamayacağımızı dəqiq bilmirik. Vəziyyət digər ölkələrin futbolunda da eynidir. Sadəcə, hamı gözləmə mövqeyindədir".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XX turdan sonra fasilə yaranıb. "Sabah" hazırda 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.