13:04 02-04-2020
news_image
523
FUTBOL

Jelko Sopiç: “Heç nə edə bilmirsən, bütün maşınlar dayanır” - MÜSAHİBƏ

"Sabah"ın xorvatiyalı baş məşqçisi Jelko Sopiçin apasport.az saytına müsahibəsi

- Azərbaycana gəlişiniz gözlənilməz oldu. Rəhbərliyin hansı vədi sizi "hə" cavabını verməyə vadar etdi?
- "Sabah"a gəlişimin gözlənilməz olub-olmadığını bilmirəm. Gəlməzdən əvvəl klub rəhbərliyi ilə danışdım. Onlar buradakı vəziyyəti başa saldılar, hər şeyi müzakirə etdik. Danışığın yekununda "Sabah"da işləməyə hazır olduğumu bildirdim. Bundan sonra da müqavilə imzaladıq. Bura gəlməmişdən əvvəl qış fasiləsindən əvvəl iki çempionat və iki kubok oyunumuz qalmışdı.

- Təklif aldığınız zaman ölkəmiz barədə nə bilirdiniz və gəldikdən sonra hansı mənzərə ilə qarşılaşdınız?
- Azərbaycan və bu ölkənin futbolu barədə bilirdim. Amma daha çox milli komanda, həmçinin avrokuboklarda çıxış etmiş "Qarabağ" və "Neftçi" haqda məlumatım var idi. Çünki yığmanızı çalışdırmış Robert Prosineçki və Nikola Yurçeviç mənim dostlarımdır. Bura gəlməzdən əvvəl onlarla Zaqrebdə görüşəndə müzakirələr aparır, Azərbaycan futbolu haqda danışırdıq. Futbolunuz barədə mənə çox məlumat vermişdilər. Əsasən dünya futbolunu müzakirə edərkən Azərbaycan futbolundan da danışırdıq. Yəni əvvəldən məlumatlı idim. Ölkəniz barədə yalnız müsbət sözlər deyə bilərəm. Mənə verilən informasiya gələndən sonra gördüklərimlə eynidir. Azərbaycan və Bakı inanılmaz dərəcədə gözəl ölkə və şəhərdir.

- Ardıcıl 3 məğlubiyyətlə başladınız. Bunun səbəbi debütdəki rəqiblərinizin güclü olması, yoxsa uyğunlaşma problemi idi?
- Bəli, çempionata ardıcıl 3 məğlubiyyətlə start götürdüm. İlk görüşlərimiz "Qarabağ" və "Neftçi"yə qarşı evdə oldu. Fasilədən sonra isə "Zirə"nin qonağı olduq. Bu matçlarda məğlub olmağımızı normal qarşılamaq olar. Çünki "Qarabağ" və "Neftçi" ilə matçlara çıxarkən futbolçularımı o qədər də yaxşı tanımırdım. Həmişə səmimi olmuşam. Etiraf etməliyəm ki, ilk 3 matçımızda rəqiblər bizdən daha yaxşı idi. Üstəlik, "Qarabağ" və "Neftçi" Azərbaycan çempionatının ən güclü komandalarıdır. Onlara qarşı oynamaq o qədər də asan deyil. O dönəmdə də onlar bizdən yaxşı çıxış etdilər və qalib gəldilər. Biz də o səviyyəyə yüksəlmək üçün çox çalışmalıyıq.

- İlk yarıdakı oyunlarla müqayisədə qış fasiləsindən sonra sanki bir qədər sakit reaksiya göstərirdiniz. Deyəsən artıq futbolçuların damarını tuta bilmişdiniz...
- Türkiyədəki təlim-məşq toplanışından sonra futbolçularımı daha yaxşı tanıdım, bacarıqlarına bələd oldum. Artıq onların potensiallarını, komandanın hansı formada oynamalı olduğunu, futbolçulardan necə istifadə edəcəyimizi bilirdik. Uzun müddət birlikdə çalışdığın şəxsin gözləntilərini, bacarıqlarını bilirsən. Bu, təkcə futbolda yox, bütün sahələrdə normal prosesdir. Gələcəkdə hər şeyin daha yaxşı olacağına inanıram. Artıq uzun müddətdir bir yerdəyik, hər şeyi müzakirə etmək üçün kifayət qədər vaxtımız var. Futbolçular mənə şəxsi problemlərini də deyirlər. Gələcəkdə daha güclü "Sabah" görmək üçün bir yerdə çalışırıq, əlimizdən gələni edirik. Hər kəsi məmnun edəcək, daha yaxşı nəticələr qazanacaq kollektiv formalaşdırmağa çalışırıq.

- Oyunlar zamanı aqressiv görünürsünüz. Futboldan kənarda da beləsiniz?
- Futboldan kənarda aqressiv insan deyiləm. Futbolun içində də aqressiv olduğumu fikirləşmirəm. Futbolçu olduğum dönəmlərdə daha aqressiv idim, nəinki indi. Səmimi şəkildə deyirəm ki, futboldan kənarda çox sakit və sülhsevər insanam.

- Bura gələnə qədər əsasən köməkçi-məşqçi kimi çalışmısınız. Baş məşqçi olmaqla köməkçi olmaq arasında nə kimi fərqlər var və tam fərqli ölkəyə baş məşqçi kimi yollanmaq risk deyildi?
- Azərbaycana gəlməzdən əvvəl bir il köməkçi-məşqçi kimi çalışmışam. Amma ötən il "Əl-Ain"in U-21 komandasının baş məşqçisi idim. Əlbəttə, baş məşqçi ilə köməkçi arasında çox fərqlər var. Karyeram ərzində Xorvatiyanın ikinci liqasında baş məşqçi, Zaqreb "Dinamo"sunda köməkçi-məşqçi, gənclər komandasında baş məşqçi olmuşam. Hansısa oyunu uduzanda bütün məsuliyyət baş məşqçinin üzərində olur. Köməkçi olarkən sanki əsas çalışdırıcının kölgəsində qalırsan. İkinci məşqçinin çox problemləri olmur. Azərbaycana gəlib, "Sabah"da çalışmaqla böyük risk etdiyimi düşünmürəm.

- Xorvatiya və Birləşmiş Ərəb Əmirliklərindəki fəaliyyətdən sonra Azərbaycan sizin üçün tramplindir, yoxsa geriyə atılmış addım?
- Azərbaycanı özümə nə tramplin, nə də geriyə atılmış addım hesab edirəm. Başa düşməliyik ki, hazırkı gün üçün yaşayırıq, nə keçmiş, nə də gələcək üçün. "Sabah"da olduğum üçün çox xoşbəxtəm. Ətrafımda mükəmməl, super insanlar cəmləşib. Buradakı işimdən də zövq alıram. Əvvəl nə olub, gələcəkdə necə olacaq, bunları heç kim bilməz. Bunların hamısını zaman göstərəcək. Nə keçmişdə yaşananları, nə də gələcəkdə nələr olacağını fikirləşirəm. Bu günlə yaşayan insanam və bir daha vurğulayıram ki, hazırda "Sabah"da, Azərbaycanda çox xoşbəxtəm.

- Bakının ikinci Dubay olduğu deyilir. Düzdür, siz Əbu-Dabi klubunda çalışmısınız. Ancaq yəqin ki, Dubayı da görmüsünüz. Nə kimi bənzərliklər var?
- Doğrudur, Əbu-Dabidə yaşayırdım, ancaq Dubayda da çox olurdum. Dubayla Bakının oxşar cəhətlərindən biri gözəl, böyük və müasir binaların olmasıdır. Hər iki şəhər gözəl arxitekturaya malikdir. Mənə görə, Bakı Dubaydan daha yaxşıdır. Arxitektura baxımdan olmasa da, burada hər şey normaldır. Məsələn, Dubayda hər şey çox genişdir, insanlar ora yaşamağa deyil, işləməyə gedirlər. Bakı küçələrində isə daha çox insan görə bilirsən, hər kəs də mülayimdir. Dubayda bunları hiss etmirsən. Dubay və Əbu-Dabidə olarkən hər addımında əcnəbi olduğunu hiss edirsən. Şəxsən mənim fikrimcə, Bakı Dubaydan da, Əbu-Dabidən də yaxşıdır.

- Azərbaycanda xorvatiyalılara qarşı əsasən simpatiya olub. Siz burada özünüzə qarşı hansı münasibəti gördünüz?
- İlk gündən burada özümə qarşı yaxşı münasibət görmüşəm. Nəyəsə ehtiyacım olanda ətrafımdakı hər kəs mənə kömək etməyə çalışır. Amma mətbuat konfransında jurnalistlərin bəzi sualları məni təəccübləndirir. Jurnalistləri də başa düşürəm, hər kəsin öz subyektiv fikri var. Bu da onların vəzifələrinin bir hissəsidir. Mən bunu normal qəbul edirəm.

- Azərbaycanda ən çox nəyə uyğunlaşmaqda çətinlik çəkirsiniz? 
- Adaptasiya olunmaqda ən çox çətinlik çəkdiyim məqam yollardakı sıxlıq, tıxacdır. Məsələn, Masazırdakı bazamıza gedib-gəlmək üçün saat yarım, bəzən daha çox vaxt lazım olur. Əgər saat 5-6-da məşq ediriksə, geri qayıdanda çox vaxt itiririk. Bakıda tıxac olanda ən yaxşısı evdə oturmaq və ya piyada gəzməkdir. Belə anda avtomobildən istifadə etmək yararlı deyil. Çünki heç nə edə bilmirsən, bütün maşınlar dayanır və 5 km yol qət etmək üçün bir saat vaxtın gedir. Bakıda sevmədiyim yeganə cəhət budur. Qalan hər şey çox yüksək səviyyədədir. İnsanlar çox yaxşıdırlar.

- Azərbaycan mətbəxi ilə aranız necədir?
- Səmimi deyim ki, Azərbaycan mətbəxinin yeməklərindən çox istifadə etmirəm. Bəzi yeməkləri dadmışam, çox xoşuma gəlib. Amma özüm bişirməyi sevirəm və bunu da bacarıram. Hər şeyi alıb, özüm bişirə bilirəm. Aralıq dənizi mətbəxindən olan yeməklərdən hazırlayıram. Burada olduğum müddətdə restoranlarda 3-4 dəfə yerli yeməklər yemişəm. Yaxşı və ya pis deyə bilmərəm. Amma bizim mətbəximizdən fərqlidir. Mən Aralıq dənizi mətbəxinə üstünlük verirəm. Çox balıq və salat yeməyi sevirəm.

- "Sabah" qış fasiləsində əsasən mərkəz hücumçuları heyətinə qatdı - Marko Deviç, Xulio Sezar Rodriges, Ramil Şeydayev. Müasir futbolda vingerlər böyük rol oynasa da, sizdə bu baxımdan problem hiss olunur. Sırf 9 nömrələri gətirmək sizin oyun fəlsəfənizə uyğun atılan addımdır?
- Türkiyədəki təlim-məşq toplanışına 11 gənc futbolçu aparmışdıq. Onların içində ən yaşlısının 20-21 yaşı olardı. Bilirdik ki, bu qədər gənclə çempionat oyunlarında iştirak etmək mümkün deyil. Düşünürəm ki, Azərbaycanda heç bir komanda təlim-məşq toplanışına 11 gənc oyunçu aparmayıb. Onları heyətə cəlb etməyimizin ilk səbəbi heyət baxımından kifayət qədər çatışmazlıqların olması idi. Mərkəz hücumçusu mövqeyində də boşluq yaranmışdı. Bu mövqeyə oyunçu lazım idi. Komandaya kömək üçün əvvəlcə Marko Deviçi gətirdik. Onun ötən il "Sabah" üçün nələr etdiyini, neçə qol vurduğunu bilirdik. Ardından Xulio Sezarı gətirmək imkanımız oldu. "Zirə"də kifayət qədər oynamırdı. Deviç rəsmi matçdan iki həftə, Xulio isə bir gün əvvəl bizə qoşuldu. Ən sonda Ramil Şeydayevi heyətə cəlb etdik. Ramil "Sabah"a gələndə iki ay idi ki, topla məşqlərə qatılmırdı. O, çox yaxşı futbolçu və insandır. Milli komandanın üzvüdür. Amma mən elə məşqçiyəm ki, futbolçu 100 faiz hazır deyilsə, onu oynatmayacağam. Bütün futbolçulara cavabdeh olan şəxs mənəm. Tam hazır olmayan birini ilk dəqiqədən meydana buraxsam və o zədə alsa, bunun günahkarı mən olacağam. "Keşlə" ilə qarşılaşmanın təxirə salınmasına heç də sevinə bilmədim. Çünki Ramil bizimlə iki həftə yarım olduqdan sonra ona bu görüşdə start heyətində şans vermək istəyirdik. Amma koronavirus pandemiyası onun həmin qarşılaşmada ilk "11-lik"də başlamasına mane oldu. Şeydayevin gələcəkdə bizə çox xeyir verəcəyinə əminəm.

- Cavid İmamverdiyev sizə qədər pleymeyker və vinger kimi oynadılıb. Siz isə əsasən orta sahədə şans verirdiniz. Cavid hansı mövqedə daha yararlı olar?
- Mənə görə, Cavid "Sabah"ın ən yaxşı futbolçularından biridir. Bunu yalnız futbol barəsində danışarkən deməliyəm. Amma başa düşməliyik ki, futbol sadəcə meydandan ibarət deyil. Belə olmasaydı, Ronaldinyo və digər ulduz futbolçular 50 yaşlarına qədər oynayardılar. Qaçışı, ağır məşqləri və digər hər şeyi bir araya topladıqdan sonra həmin futbolçunun rəsmi ortaya çıxır. Cavid universaldır, çox mövqedə çıxış edə bilir. Bir cinahda çox sürətli vinger varsa, o, digər cinahda da yer ala bilər. Amma onun daha çox yararlı olduğu və özünün sevdiyi mövqe mərkəz hücumçusunun arxasında oynamaqdır. 3-5-2 sistemində iki hücumçunun arxasında da yer ala bilər. Bəli, İmamverdiyev bacarıqlı oyunçudur. Amma sadaladığım bütün meyarları meydanda göstərməli və bunu sübut etməlidir.

- Ən çox yerli futbolçulara sahib klublardan birisiniz. Azərbaycanlı oyunçuların ən böyük problemi nədir?
- Düzdür, yerlilərin çoxluq təşkil etdiyi klublardan biriyik. Bu sualın cavabını tam dəqiq deyə bilmərəm. Amma mənə görə, problemlərdən biri uzun müddət stabil oynamamaq, eyni keyfiyyəti davam etdirməməkdir. Elə "Sabah"ın futbolçularına əsasən fikir yürüdə bilərəm. 2-3 oyun çox yaxşı çıxış edirlər. Nə vaxt ki, yaxşı formada olduqlarını düşünürsən və növbəti matçda da normal çıxış gözləyirsən, komanda çox bərbad oyun ortaya qoyur. Deyə bilmərəm ki, bu, keyfiyyətlə bağlıdır. Daha çox konsentrasiya və oyuna hazırlıqla əlaqələndirirəm.

- Azərbaycan futbolunun Xorvatiya və Birləşmiş Ərəb Əmirlikləri ilə müqayisədə mənfi və müsbət tərəfləri hansılardır?
- Azərbaycan çempionatında çox qollar görmürük. Düzdür, son 2-3 turda bəzi görüşlər bol qollu alındı. Ancaq burada daha çox müdafiə futboluna üstünlük verilir. Sanki qol vurmağa yox, hər matçı 0:0 hesabı ilə bitirməyə çalışırlar. Bu da oyunlara gələn azarkeşlər üçün cəlbedici deyil. Birləşmiş Ərəb Əmirlikləri ilə müqayisə etsək, böyük fərqlər görmürəm. Hətta deyə bilərəm ki, Azərbaycandakı yerli oyunçular oradakılardan daha yaxşıdır. Amma bilirik ki, oradakı klublarda 4 əcnəbi yer ala bilər. Həmin əcnəbilər də çox yüksək səviyyədə olurlar. Məsələn, mənim işlədiyim klubda Kayo çıxış edirdi, daha sonra "Benfika"ya keçdi. Markus Berqi "Panatinaikos"dan almışdıq. Bizə gəlməmişdən əvvəl oradakı çempionatda 28 qolla bombardir idi. Yanılmıramsa, Yaponiyadan Danini almışdıq. Onlar hər matçda fərq yarada bilən futbolçulardır. Birləşmiş Ərəb Əmirliklərindəki əcnəbilər buradakılardan daha yaxşıdır. Bu da normal haldır. Çünki ordakı əcnəbilərin illik maaşları 1,5-2 milyon dollardır. O ki qaldı Xorvatiya çempionatı ilə müqayisəyə, əlbəttə ki, Xorvatiya liqası daha güclüdür. Orada gənc oyunçularla daha yaxşı işləyirlər. Aşağı yaş qruplarında işə ciddi yanaşırlar. Məsələn, "Dinamo", "Hayduk", "Osiyek", "Rieka" kimi klublar gəncləri satmaqla yaşayırlar. Onlar akademiyalara böyük yatırımlar edirlər və bunun da xeyrini görürlər.

- İndiyə qədər çalışdığınız klubların futbolçularından ibarət simvolik "11-lik" qursanız, "Sabah"dan kimi və ya kimləri ora götürərsiniz?
- İndiki və çalışdığım əvvəlki komandalarda oynamış futbolçulardan ibarət "11-lik" qurmağım çox çətindir. Zaqreb "Dinamo"sunda, "Əl-Ain"də çalışırsansa, top-oyunçularla işləmiş olursan. Simvolik heyəti deyə bilməsəm də, çalışdığım oyunçular arasında Dani Olmonun adını çəkə bilərəm. "Dinamo" onu 25 milyon avroya satdı. Həmçinin "Yuventus"un hücumçusu Marko Pyatsanı, "Volfsburq"da çıxış edən Yosip Brekalonu, "Lester"ə 25 milyon avroya satılan Filip Benkoviçi qeyd etməliyəm. Amma məşq etdirdiyim oyunçular arasında ən yaxşısı Omar Abdulrahmandır. Birləşmiş Ərəb Əmirlikləri millisinin üzvüdür. Topla davranışı sadəcə, inanılmazdır. Bunu təsəvvür etmək çox çətindir, möhtəşəm futbolçudur. Konkret mövqelər üzrə adlar deməyim düzgün olmaz. Çünki çox oyunçuları məşq etdirmişəm, bəzilərini unuda bilərəm. Sadəcə, deyə bilərəm ki, çoxu hazırda böyük klublarda çıxış edirlər. Məsələn, Domaqoy Antoliç hazırda "Legiya"nın kapitanıdır, Marselo Brozoviç "İnter"in formasını geyinir. Onlardan ibarət simvolik "11-lik" seçmək mənə asan deyil. Həm də düzgün olmaz.

Ruslan Sadıqov