14:50 02-04-2020
news_image
464
FUTBOL

Şimal yürüşü – Avropanın rekordçusu Azərbaycanda

Koronavirus pandemiyası üzündən avrokuboklarda zəruri fasilə yarandığı vaxtda UEFA qitə miqyaslı klub turnirlərində ən uzun məsafə qət edən klubları müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, uzaq yol qət edən komandalar arasında Azərbaycan da təmsil olunub.

UEFA yarandığı 1954-cü ildə cəmi 25 ölkəni özündə birləşdirirdi. Həmin vaxt ən şərqi və qərbi paytaxtlar olan Moskva (SSRİ) ilə Lissabonu (Portuqaliya) cəmi 4 min kilometr ayırırdı. Lakin futbol xəritəsi böyüdükcə məsafələr də artıb.

Hazırda mütləq rekord “Astana”nın (Qazaxıstan) “Benfika” və “Sportinq”lə (Portuqaliya) matçlarına məxsusdur. Nur-Sultan təmsilçisi ilə görüşən Lissabon klubları müvafiq olaraq 2015/16 mövsümünün Çempionlar Liqası, 2017/18 mövsümünün Avropa Liqasında qarşılaşıb. Həmin duellərdə rəqiblər bir istiqamətə 6173 km qət edib. Amma mütləq rekord “Benfika” – “Astana” oyunlarına məxsus sayılır. Çünki “Sportinq”in stadionu həmşəhərliləri ilə müqayisədə daha cənubda, Nur-Sultana bir neçə kilometr yaxın məsafədədir. Bu qarşılaşmalarda “Astana” “Benfika”dan (2:0, 2:2) da, “Sportinq”dən (1:3, 3:3) də 1 xal qoparıb.

Amma futbolçularla müqayisədə futzalçılar daha uzun yol qət etməli olub. Avropa klub turnirlərinin mütləq rekordu da bu növdə qeydə alınıb. 2015-ci ildə Lissabonda UEFA kubokunu əldə edən “Kayrat” doğma Almatıya 6911 km yol keçərək qayıdıb. 2017 və 2019-cu illərdə isə “Sportinq” eyni yolu əks istiqamətdə qət edib. Hər üç halda uzaq yol gedən komanda “Dördlər finalı”nda iştirak edib. 

Bir vaxtlar mövcud olan Qitələrarası kubokun öz rekordu var. 1967-ci ildə “Rasinq” (Buenos-Ayres, Argentina) və “Seltik” (Qlazqo, Şotlandiya) qarşılaşmalar üçün 11 min 304 km yol gedib. Qlazqolular 1:0, Buenos-Ayres təmsilçisi 2:1 hesablı ev qələbəsi qazanıb.

Avrokuboklarda ən qısa məsafə isə Milan derbisində qeydə alınıb. İtaliyanın eyni şəhərini təmsil edən və eyni stadionda oynayan “Milan”la “İnter” 2002/03 və 2004/05 mövsümlərində ümumilikdə 4 matçda üz-üzə gəlib. Digər eyni şəhər təmsilçiləri arasında matçlar olsa da, heç vaxt eyni stadionda oynayanlar – aralarındakı məsafə sıfırla ölçülən digər cütlük olmayıb. Öncə iki heç-heçə (0:0, 1:1) qeydə alınıbsa, sonra “Milan” qələbələri sıralayıb – 2:0, 3:0.

Norveçin “Tromse” şəhərindəki “Alfheym” stadionu avrokubok matçı qəbul edən ən şimal nöqtəsidir. Burada 27 matç baş tutub. Şimala ən uzun səfəri isə Bakı “İnter”i (indiki “Keşlə” edib. Təmsilçimiz 2013-cü ildə 3717 km uçub və Avropa Liqasının görüşündə 0:2 hesabı ilə məğlub olub.

Qitələrarası kubok sayılmasa, ən cənub nöqtəsi İspaniya “Las Palmas”ının Qran-Kanariyadakı stadionudur. Hətta Misirin paytaxtı Qahirədən də cənubda olan bu stadiona ən böyük yol gedən Yuqoslaviya “Sloboda”sı 1977-ci ildə 3548 km qət edərək UEFA kubokunda 0:5 hesabı ilə uduzub.

Nepeldan da şərqdə qərarlaşan Novosibirskin “Sibir” klubu avrokuboklarda 2 ev matçına çıxıb. Şərqə ən çox məsafə keçib yollanan komanda PSV olub. Niderland klubu Rusiyadakı matça 4951 km qət etməklə çatıb və 2010-cu ildəki Avropa Liqası matçında 0:1 hesabı ilə uduzub.

Avrokubokların ən qərb nöqtəsi “Sana-Klara”ya məxsus “San-Migel” stadionudur. Portuqaliya təmsilçisi 2002-ci ildə İntertoto kubokunda 5824 km uçuş edən Ermənistan “Şirak”lnı 2 cavabsız qolla məğlub edib.

Potensial rekord isə 8046 km məxsusdur. Müxtəlif illərdə avrokuboklarda oynamış klublar arasında ən uzaq məsafə “Sibir” və “Tenerife” arasındadır. Rusiya və İspaniya klubları heç vaxt görüşməsə də potensial ən uzaq məsafəyə malikdir. Avrokubokda oynamamış Rusiya “Luç-Enerji”si “Tenerife” ilə qarşılaşsa, rəqiblər 11 min 460 km yol keçməli olacaq. Amma bu da rekord deyil. Vladivostok klubu ilə Fransa Qvianasını təmsil edən “Aquado” arasında matç baş tutsa, məsafə 30 min kilometrə yaxın olacaq.