10:37 03-04-2020
news_image
2203
FUTBOL

AFFA Kamal Quliyevə iş verir

Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyevin işsiz günləri başa çatır.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis AFFA-dan dəvət alıb.

"Neftçi"də köməkçi-məşqçi, "Neftçala"da isə baş məşqçi kimi fəaliyyət göstərmiş Quliyev koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədən sonra assosiasiya rəsmiləri ilə görüşəcək. Məsələ burasındadır ki, ölkədə futbol yarışları dayandırılmamışdan əvvəl AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov keçmiş yetirməsi ilə əlaqə saxlayaraq, onu görüşə çağırıb. Lakin məlum problem bu görüşün yubanmasına səbəb olub.

Danışıqda aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebit də iştirak edəcək. Quliyevlə Velebit arasında da ilkin söhbət olub.

Kamal Quliyev özü də əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. Lakin o, təfərrüatları görüşdükdən sonra biləcəyini söyləyib: "Bəli, Vaqif müəllim zəng vurmuşdu. Düzü, məni hansı vəzifə üçün düşündüklərini bilmirəm. Çünki bu barədə hələ söhbətimiz olmayıb. Ölkədə baş vermiş problem aradan qalxdıqdan sonra yəqin ki, görüşümüz olacaq".

Qeyd edək ki, Kamal Quliyev son olaraq “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı vəzifəsində çalışıb.