13:09 03-04-2020
news_image
413
FUTBOL

"Onlar kənarda qalmamalıdır" - AFFA-nın vitse-prezidenti

"Gənc mütəxəssislərlə maraqlanırıq, onlara öz tövsiyələrimizi veririk. Kamal da xeyli müddətdir işsiz qaldığı üçün onunla maraqlandıq".

Bunu apasport.az saytına AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Neftçala"nın sabiq baş məşqçisi Kamal Quliyevlə görüşü barədə danışarkən deyib.

AFFA Məşqçilər Komitəsinin sədri koronavirus pandemiyası ilə bağlı yaranmış fasilə bitdikdən sonra millimizin sabiq futbolçusu ilə görüşləri davam etdirəcəklərini söyləyib. Sadıqov, ümumiyyətlə, digər gənc mütəxəssislərin durumu ilə maraqlandıqlarını da vurğulayıb: "Bu cür məşqçilər kənarda qalmamalıdır, biz də buna çalışırıq. Vəziyyəti ilə maraqlandım, gələcəklə bağlı fikirlərini öyrəndim. Təbii ki, onunla görüşlərimiz davam edəcək. Əvvəlcə öyrənmək lazımdır ki, özü nə istəyir, hansı istiqamət üzrə çalışmağı düşünür. Təkcə Kamal deyil, onun kimi, futbolumuza böyük xidmətləri olmuş, futbolçu və məşqçi kimi özünü təsdiq etmiş mütəxəssislər yenə töhfə verməlidirlər. Hamımız - bütün futbol ictimaiyyəti bir olub, ölkə futbolunun inkişafı naminə hansısa iş ortaya qoymağa çalışmalıyıq. Bu yolda da gənc mütəxəssislərə biganə qala bilmərik. Kamal Quliyev kimi millidə oynamış, öz sözünü demiş şəxslər futbola xidmət etməlidirlər".

Qeyd edək ki, Kamal Quliyev son olaraq “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı vəzifəsində işləyib.