17:43 03-04-2020
news_image
735
FUTBOL

“Bərpa olunmayan liqalara cəza tətbiq edilməyəcək” - UEFA-nın vitse-prezidenti

UEFA koronavirus pandemiyası üzündən dayandırılıb, sonradan bərpa olunmayan liqalara cəza tətbiq etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva açıqlayıb.

O bildirib ki, yarımçıq qalan çempionatın nəticələrini yekun kimi tanıyan ölkələrin klubları avrokuboklara buraxılacaq: “İnsanların həyatı və sağlamlığı naminə verilən qərarlar heç bir neqativ nəticə ilə yekunlaşmamalıdır. Bu üzdən də milli assosiasiyaların turnirləri bitirib-bitirməməsi ilə bağlı hər hansı ölçü götürülməyəcək.  Bundan başqa, çempionatların bitmə tarixi pandemiyanın müxtəlif ölkələrdəki yayılma sürətinə görə bir-birindən çox fərqlənə bilər. Əgər klublar məşq keçmək və oynamağın təhlükəli olması barədə qərar qəbul etsə, bu ölkələrdə idman tədbirlərinin keçirilməsi ilə bağlı hökumət qərarları olmasa belə, həmin komandalar avrokuboklarda oynamaq şansını itirməyəcək. Avrokubokların iştirakçılarının necə müəyyənləşəcəyi üzərində işləyirik”.

Qeyd edək ki, Belçika çempionatı bərpa olunmayacağını və indiki turnir cədvəlini yekun kimi tanıyacağını açıqlayıb. Bundan sonra belə addım atan ölkələrin avrokuboklara buraxılmaması növbəti dəfə gündəmə gəlib.