11:19 04-04-2020
news_image
2576
FUTBOL

"Qarabağ"ın gündəmindəki iki bosniyalı - biri gələcək

Mövsümün sonunda qapı xəttini gücləndirməyi hədəfləyən "Qarabağ" üçün daha bir variant ortaya çıxıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yenə sabiq qolkiperinə maraq göstərir.

"Ərzurumspor"la vidalaşacaq İbrahim Şehiç hazırda Premyer Liqanın lideri üçün əsas prioritetdir. Bunun əsas səbəbi bosniyalı qolkiperin azad agent statusu daşıması və istənilən kluba havayı keçmək şansının olmasıdır. 32 yaşlı Şehiçlə hətta ilkin danışıq da olub.

Son çempionun qapı xətti üçün B variantı isə "Bornmut"un qapıçısı Asmir Beqoviçdir. Cari mövsümün ilk yarısını icarə əsasında Azərbaycan klubunda keçirən 33 yaşlı oyunçu hazırda "Milan"da çıxış edir və "rossonyerlər" onu saxlamaqda maraqlı deyillər. Bosniya və Herseqovina yığmasındakı rəqibi Şehiçlə müqayisədə yeganə problem Beqoviçin klubu ilə müqavilə müddətinin hələ 1 il qüvvədə olmasıdır. "Qarabağ" onu yenidən icarəyə götürməyin planlarını cızır. Əgər Şehiçin gəlişi reallaşmasa, ağdamlılar bütün diqqətlərini Beqoviçə yönəldəcəklər.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.