15:24 04-04-2020
news_image
2078
FUTBOL

Lukas Kardoso: "Azərbaycanda oynayacağımı hiss edirəm" - MÜSAHİBƏ

İcarə əsasında "Besa"da çıxış edən, müqavilə ilə Albaniya təmsilçisi "Partizani"yə məxsus olan braziliyalı hücumçu Lukas Kardosonun apasport.az saytına müsahibəsi

- Azərbaycan klublarından təklif aldığınız bildirilir. Bu nə dərəcədə doğrudur?
- Bəli, belə bir variant var. Menecerlərim Azərbaycandan bir təklifimin olduğunu deyiblər. Ancaq təfərrüatlardan xəbərim yoxdur.

- Bilmək olar hansı komandadan təklif gəlib?
- İnanın ki, adını mən də bilmirəm. Çünki təklif menecerimə gəlib. Mövsüm davam etdiyi üçün də hələlik hansısa danışıq olmayıb.

- Siz özünüz Azərbaycanda oynamaq variantına necə baxırsınız?
- Sözün düzü, Azərbaycanda oynamaq istəyərəm. Bəlkə də, növbəti "transfer pəncərəsi" zamanı ölkənizə köçdüm.

- Futbolumuz barədə hansı məlumatınız var?
- Azərbaycan futbolu haqda çox şey bilmirəm. Ötən il Çempionlar Liqasının təsnifat mərhələsi zamanı "Partizani" "Qarabağ"la düşmüşdü. Həmin vaxt mən də komandamla birlikdə Bakıya getmişdim. Ölkənizi çox bəyənmişdim. Bir gün Azərbaycanda oynayacağımı hiss edirəm.

- Ancaq həmin qarşılaşmada iştirak etməmişdiniz...
- Əslində "Qarabağ"la Bakıdakı matçda meydana çıxmalı idim. Ancaq oyun günü mədəmdə problem yarandı. Oynaya bilmədiyim üçün digər insanlarla söhbət edirdim. Ertəsi gün xəbərlər çıxdı ki, guya Azərbaycan klubuna keçəcəyəm.

- Həmin vaxt ölkəmizə yollanmaq variantınız var idi?
- Bəli, var idi. Amma menecerim diqqətimi "Partizani"yə yönəltməli olduğumu söylədi. Maraqlanan komandanın adını deməyə ehtiyac duymadı.

- "Partizani" ilə müqavilə müddətiniz mövsümün sonuna qədərdir?
- Albaniya klubu ilə sözləşməm iyunda bitəcək. Doğrudur, müddəti daha bir il uzatmaq hüququm var. Klubla danışıq apardıqdan sonra qərarımı verəcəyəm.

- Yəni ilk seçiminiz "Partizani"də qalmaq olacaq?
- Əgər onlar qalmağımı istəsələr, müqaviləmi yeniləyəcəyəm. Ancaq etiraf edim ki, digər komandalarla da danışıqlar gedir. Nə baş verəcəyini indidən deyə bilmərəm.

- Axı "Partizani"də əsas heyətə düşə bilmirsiniz və klub sizi tez-tez icarəyə göndərir...
- Düşünürəm ki, "Partizani"də müntəzəm oynamaq gücündəyəm, belə bir potensialım var. Nəyə görə orada olmadığımı başa düşə bilmirəm.

- Başqa ölkələrdən də təkliflər var?
- Bəli, Şimali Makedoniya və Bolqarıstan klubları əlaqə saxlayıblar. Ancaq "Partizani" ilə yollarımı ayırsam, Asiyaya yollanmaq istəyəcəyəm.

Ruslan Sadıqov