09:49 06-04-2020
news_image
1114
FUTBOL

"Bəhlul bəzən meydanda yuxulu olur, "yatır" - Jelko Sopiç

"Bəhlul gənc və istedadlı futbolçudur. Amma hələ gəncdir, çox şey öyrənməlidir ki, Avropaya çıxmağa hazır olsun. Bunun üçün üzərində çox çalışmalıdır".

Bunu apasport.az saytına "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin legioner həyatı yaşamaq perspektivini dəyərləndirib. 46 yaşlı çalışdırıcının fikrincə, Azərbaycan millisinin də şərəfini qoruyan Mustafazadə buna hələ hazır deyil: "Bəhlulun yaxşı bədən quruluşu var. Onunla bağlı müsbət düşüncədəyəm və fikrimcə, gələcəkdə karyerasını böyük çempionatlarda, top-klublarda davam etdirəcək. Hər şeydən önəmlisi odur ki, Bəhlul çox yaxşı oğlandır, hər zaman öz üzərində çalışır, hər gün yeniliklər öyrənmək istəyir. Belə davam etsə, karyerası daha uğurlu olacaq".

Sopiç yetirməsinin çatışmazlıqlarından bəhs etməyi də unutmayıb: "Bəhlul yığma üzvüdür. Çox yaxşı oyunçudur. Amma bəzən meydanda elə situasiya baş verir ki, həmin anda bir balaca yuxulu olur, "yatır". Başa düşməlidir ki, oynadığı mövqe böyük məsuliyyət tələb edir, ani bir səhvi 99 faiz qolla nəticələnə bilər. Yəni onun səhvi həlledici ola bilər. Bəhlulun qarşısında 14-15 illik futbolçu karyerası var. Məncə, təcrübə topladıqca bu problemlər həll ediləcək".

Qeyd edək ki, Bəhlul Mustafazadənin "Sabah"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.