11:25 06-04-2020
news_image
237
FUTBOL

Merab Qiqauri: "Evdə "pubg" oynayıram" - MÜSAHİBƏ

"Qəbələ"nin gürcüstanlı yarımmüdafiəçisi Merab Qiqaurinin apasport.az saytına müsahibəsi

- Koronavirus pandemiyası ilə əlaqədar gücləndirilmiş karantin rejiminə əməl edirsinizmi?
- Günümü evdə keçirirəm, insanlarla ünsiyyətdən yayınıram. Formada qalmaq üçün hər gün məşq edirəm. Bundan əvvəl küçədə qaçırdım. Ancaq təcili səbəb olmadan küçəyə çıxmaq qadağası qoyulduqdan sonra yalnız evdə məşq edə bilirəm. Hər gün insanların bu xəstəliyə yoluxduğunu görürük. Bu çox pisdir. Ümid edirəm ki, bu virusa qalib gələcəyik.

- Futboldan ötrü darıxmırsınız?
- Bəli, gündəlik rejimdən, məşqlərdən, oyunlardan ötrü ötrü darıxıram. Hazırkı vəziyyət çox çətindir. Bu, mənim üçün ciddi zədədir. Ümid edirəm ki, tezliklə bütün çətinliklər bitəcək, hamımız sabit gündəlik həyatımıza qayıdacağıq.

- Koronavirusla mübarizə aparmaq çətindir, yoxsa futbolsuz qalmaq?
- Mənim üçün ilk növbədə sağlamlıq gəlir. Ancaq futbolsuz qalmaq da çox çətindir. Sağlamlığımızın qaydasında olması üçün məsafəyə diqqət etməli, bizə deyilən qaydalara hörmətlə yanaşmalıyıq. Bunun üçün hər şeydən əvvəl evdə qalmaq lazımdır. Bizə ölkəni tərk etməməyi tapşırdılar. Dövlətin tövsiyə etdiyi rejimə tabe oluruq. Bakıda həyat yoldaşımla birlikdə qalıram.

- Gününüzün darıxdırıcı keçməməsi üçün nələr edirsiniz?
- Məşqdən əlavə boş vaxtlarımda seriallara, filmlərə baxıram. Həmçinin "pubg" oynayıram (gülür).

- Bir qədər də futbol barədə danışaq. "Qəbələ"nin ardıcıl iki qələbəsindən sonra çempionat dayandırıldı. Belə bir vəziyyətdə təxirəsalmanın ən çox sizə mənfi təsir etdiyini demək olar?
- Həqiqətən də, çox yaxşı formada idik, ardıcıl iki matçda qələbə qazandıq. Məqsədimiz turnir cədvəlində irəliləmək idi. Təəssüf ki, koronavirus səbəbindən bu tempdə oynamağa davam edə bilmədik.

- Qiqauri-Lopes-Volkov "trio"su meydanda çox yaxşı anlaşırdı. Belə olan halda qış fasiləsində Davit Volkovun gedişi sizə mənfi təsir göstərmədi?
- Davit mənim yaxın dostumdur. Belə demək mümkünsə, birlikdə böyümüşük. O, qışda başqa komandaya keçdi, ancaq futbolda belə hallar olur. Davitin gedişindən sonra neqativ təsir hiss etmədim. Çünki komandada bütün futbolçularla dostam və hamı mənə çox isti münasibət göstərir.

- Hazırda 4-cü pillədəki "Sumqayıt"dan 4 xal geri qalırsınız. Həmçinin ölkə kubokunda yarımfinaldasınız. Oyunlar bərpa edildikdən sonra avrokuboklara vəsiqə qazanmaq şansınızı necə görürsünüz?
- Hələ nəsə demək çətindir. Çünki Premyer Liqa dayandırılıb. Əlbəttə ki, hədəfimiz mümkün qədər ən yüksək pilləyə qalxmaqdır. Avropa Liqasına vəsiqə qazanmağa çalışacağıq. Fikrimcə, buna gücümüz çatar.

- Premyer Liqanın bərpa müddəti ilə bağlı klubdan sizə hər hansı bir məlumat verilibmi?
- Bəli, dedilər ki, aprelin sonunda hər şey yaxşı olacaq. Ancaq necə olacağını heç kim dəqiqliyi ilə bilmir. Ümid edirəm ki, çempionat bərpa olunacaq.

- "Qəbələ" ilə müqavilə müddətiniz mövsümün sonuna qədərdir. Rəhbərlikdən yeni sözləşmə təklifi almısınızmı?
- Doğrudur, müqavilə müddətim mayda bitəcək. Lakin yeni anlaşma ilə bağlı mənə heç kim heç nə deməyib.

- Azərbaycandan və digər ölkələrdən başqa variantlar varmı?
- Bəli, bir neçə variant var. Amma hələlik bu barədə nəsə deyə bilmərəm. Çünki heç nə bəlli deyil.

Ruslan Sadıqov