15:39 07-04-2020
news_image
192
FUTBOL

Filip İvanoviç: “Gündən-günə çətinliklər artır” - MÜSAHİBƏ

"Sabah"ın serbiyalı müdafiəçisi Filip İvanoviçin apasport.az saytına müsahibəsi

- Hazırda nə meydana çıxa, nə də televiziyadan futbol izləyə bilirsiniz. İndiyə qədər nə vaxtsa bu durumla üzləşmişdiniz?
- Həqiqətən də, qeyri-adi situasiya yaranıb. Karyeramda ilk dəfədir belə fasilə yaşanır. Vəziyyət dünyanın hər yerində narahatlıq doğurur. Bu durumu mehribanlıqla həll etməliyik. Çünki insan həyatı ilk sıradadır.

- Futbolun bərpa müddətinin uzadılması canınızı sıxmır?
- Gündən-günə çətinliklər artır. Xüsusən də, biz hər gün inkişaf etmək, durmadan fiziki formanı yaxşı vəziyyətdə saxlamaq məcburiyyətində qaldığımız bir işlə məşğuluq. Həyat normal ritminə döndükdən sonra bunlar yenidən olacaq. Futbola daha böyük motivasiya ilə dönəcəyik.

- Ötən yaydakı transferlərdən sonra "Sabah" medallara namizəd göstərilirdi. Ancaq heç də uğurlu mövsüm keçirmirsiniz. Bunun səbəbini nədə görürsünüz?
- Futbolda meydana çıxdınsa, uğurlu nəticə qazanmaq barədə düşünməlisən. Başqa qayda yoxdur. Hələ də Avropa Liqasına vəsiqə şansımız davam edir. İnanıram ki, sona qədər bunun üçün döyüşəcəyik. "Sabah"ın güclü heyəti var. Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

- Tez-tez baş məşqçi dəyişikliyi olmasaydı, "Sabah" hazırda neçənci yerdə qərarlaşardı?
- Düzdür, mövsümün gedişində bir neçə dəfə məşqçi dəyişikliyi oldu. Ancaq biz peşəkarıq, bu kimi şeylərə fikir verməməliyik. Belə vəziyyətlərdən müsbət mənada yararlanmalıyıq. Hər məşqçidən yeni bir şey öyrənirsən. Ümid edirəm ki, hazırkı baş məşqçi ilə stabillik davam edər və uzun müddət bir yerdə uğurlu işlər görərik.

- Sizin əsl mövqeyiniz mərkəz müdafiəçisi olsa da, Sopiç dayaq yarımmüdafiəçisi kimi şans verir. Baş məşqçi bu seçimini nə ilə əsaslandırır?
- Sopiç gəldikdən sonra mənə yeni rol verildi. O, müdafiənin önündə boşluqların doldurulması və meydanda genişliyin yaradılması üçün əlavə gücə ehtiyac duyulduğunu düşünür. Komandanın keyfiyyətli oyunu da düşüncəsinin doğru olduğunu göstərir.

- Yeni mövqedə oynamaq çətin deyil?
- Bir futbolçunun keyfiyyət səviyyəsi onun bir neçə mövqedə oynamaq bacarığı ilə ölçülür. Əlbəttə ki, bu mövqeyə uyğunlaşmaq mənə çətin olmadı. Komandanın nəticələri fərdlərin göstəricilərindən daha vacibdir. Biz də yalnız baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməyə çalışırıq. Çünki hamımız "Sabah"la uğur qazanmaq istəyirik.

- Çempionatda ardıcıl 2 qələbə, 2 heç-heçədən sonra "Neftçi"yə 0:4 hesabı ilə məğlub oldunuz. Belə bir yenilgi gözlənilməz olmadı?
- Həqiqətən də, 4 oyun idi məğlub olmurduq, əsl xarakter nümayiş etdirir və yaxşı təsir bağışlayırdıq. Amma "Neftçi" ilə matç zamanı günümüzdə deyildik, pis oyun keçirdik, lazımi enerji ilə çıxış etmədik. Rəqib isə əlinə düşən hər şansı dəyərləndirdi. Bu baxımdan məğlubiyyət qaçılmaz idi.

- Ölkə kubokunda mübarizəni dayandırmısınız. Çempionatda isə ilk "üçlük"dən çox uzaq düşmüsünüz. "Sabah" üçün mövsümün medalsız bitdiyini söyləmək olar?
- Təəssüf ki, Azərbaycan kubokundan kənarda qalmışıq. Ancaq bu o demək deyil ki, çempionatda mübarizə aparmayacağıq. Mövsümün bərpasına az vaxt qalmış əvvəlki formanı yığmaq və uğurlu çıxışı davam etdirmək öz əlimizdə olacaq. Müsbət düşünürük, hər oyuna qələbə üçün çıxacağıq. Hələ ki, avrokuboklara şans var və vəsiqə verən yeri tutmaq üçün döyüşəcəyik.

Ruslan Sadıqov