12:59 08-04-2020
news_image
201
FUTBOL

"Daniele ilə görüşə bilmirik" - futbolçunun koronavirusa yoluxan nişanlısı

"Koronavirusu yüngül keçirənlərdə müalicə üçün təyin edilən 20 gün artıq geridə qaldı. Buna baxmayaraq, testim hələ də müsbət çıxır".

Apasport.az saytının məlumatına görə, bunu "Yuventus"un müdafiəçisi Daniele Ruqaninin nişanlısı Mikaela Persiko deyib.

Ruqani kimi, koronavirus pandemiyasına yoluxduğu üçün karantində olan Persiko vəziyyəti ilə bağlı məlumat yayıb. Ruqaninin "Yuventus"a məxsus oteldə, özünün isə evdə karantində olduğunu söyləyən televiziya şərhçisi artıq 3 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də sağalmadığını vurğulayıb: "Getdiyim klinikada gənc olduğum üçün daha az risklə üzləşdiyimi dedilər. Bu səbəbdən bir az sakitəm. Daniele ilə üz-üzə görüşə bilmirik. Yalnız görüntülü zənglə danışmaq imkanımız olur. Hamilə olduğum üçün həkimə də gedib, yoxlamadan keçməliyəm. Məni əsas narahat edən budur. Uşağıma nəsə olmasını istəmirəm. Ümid edirəm ki, hər şey daha gözəl keçər".

Qeyd edək ki, Mikaela Persiko bundan əvvəl Ruqaninin martın 8-də koronavirusa yoluxduğunu, "Yuventus" rəhbərliyinin isə bunu 3 gün sonra açıqladığını bildirmişdi. Turin təmsilçisinin ötən ayın 8-də "İnter"lə çempionat oyunu keçirməsi rəhbərliyi tənqid hədəfinə çevirib.