14:57 09-04-2020
news_image
850
FUTBOL

Gerye "Qarabağ"a qayıdır?

"Neftçi"nin müdafiəçisi Vild-Donald Gerye "Qarabağ"a dönə bilər.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi sabiq futbolçusunu qaytarmaqda maraqlıdır.

Geryenin gedişindən sonra müdafiənin sol cinahı üçün "Ştutqart"dan Ailton Silva icarəyə götürülsə də, onun Azərbaycan çempionunda qalmaq şansı çox azdır. Buna əsas səbəb braziliyalının transfer məbləğinin yüksək olmasıdır. "Qarabağ" sabiq "Neftçi"lini yenidən icarəyə götürmək variantına üstünlük versə də, "Ştutqart" onu birdəfəlik satmaq və minimum 1,5 milyon avroluq gəlir əldə etmək niyyətindədir.

Bu üzdən yeni sol cinah müdafiəçisi axtarışına çıxan baş məşqçi Qurban Qurbanov Geryenin dönüşünə qarşı deyil. Haiti millisinin üzvünün artıq intizama əməl edəcəyinə inanan klub rəhbərliyi onun meneceri ilə təmasa keçib. 31 yaşlı futbolçu mövsümün sonunda azad agent statusuna malik olacaq və seçimini özü edə biləcək. Əgər "Neftçi"də qalmağa razılıq versə, müqavilədə yer alan 1 illik yeniləmə bəndi aktivləşəcək. Lakin "Qarabağ"ın daha uzunmüddətli sözləşmə təklifi və Çempionlar Liqasında iştirak ehtimalı bu komandanı bir addım önə keçirir. Gerye özü son qərarını verməyə tələsmək istəmir, bunun üçün ilk növbədə mövsümün bərpasını gözləyir.

Qeyd edək ki, Vild-Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.