10:36 11-04-2020
news_image
152
FUTBOL

"O, mənim üçün xüsusi olub" - "Qarabağ"ın qapıçısı

"Beqoviç böyük təcrübəyə sahib qapıçıdır. Qısa müddət birlikdə çıxış etsək də, ondan öyrəndiklərim oldu".

Bunu apasport.az saytına "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

2016-cı ildə "Sumqayıt"dan Ağdam klubuna keçən 26 yaşlı qolkiper bu müddət ərzində birlikdə çıxış etdiyi həmkarları barədə fikirlər bildirib. O, cari mövsümün ilk yarısında "Qarabağ"ın çərçivəsini qoruyan bosniyalı Asmir Beqoviçin ünvanına xoş sözlər işlədib.

Lakin milli komandamızın üzvü Beqoviçin həmyerlisi İbrahim Şehiçi fərqləndirib: "Ötən 6 ay ərzində Beqoviçi diqqətlə izləyərək özüm üçün qeydlər götürdüm. Ümumiyyətlə, "Qarabağ"da oynamış bütün qapıçılarla yaxşı münasibət qurmuşam. Ancaq İbrahim Şehiçi ayrıca vurğulamalıyam. O, mənim üçün xüsusi olub".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev cari mövsüm Premyer Liqada meydana çıxdığı 10 oyunda qapısında 2 qol görüb. O, 2020-ci ildə keçirdiyi 6 matçın heç birində top buraxmayıb.