14:49 11-04-2020
news_image
489
FUTBOL

Müqaviləsi bitəcək yerli "11-lik" - Azərbaycan Premyer Liqasında

Azərbaycanlı futbolçuların hər transfer dönəmində ölkə daxilində komanda dəyişmələri adət halını alıb.

Apasport.az saytının məlumatına görə, cari mövsümün sonunda da Premyer Liqada bu cür yerdəyişmələrin sayının kifayət qədər olması gözlənilir.

Çünki 8 klubda ümumilikdə nə az, nə çox, 70-dən çox yerli futbolçunun müqavilə müddəti mövsümün sonuna qədərdir. Təbii ki, onlar arasında aparıcı oyunçular da var, nadir hallarda meydan üzü görənlər də.

Məlumdur ki, klublarımız adətən hücum xəttini əcnəbilərlə gücləndirməyə üstünlük verdiyindən, yerlilər əsasən müdafiədə çoxluq təşkil edirlər. Sözləşməsi mövsümün sonuna qədər olan yerlilərdən ibarət simvolik "11-lik" müəyyənləşdirərkən 5 müdafiəçi seçməyimiz də bundan qaynaqlanıb.

Rəmzi komandaya düşməyən bəzi yerlilər var ki, komandalarında aparıcı simalardır, həmçinin milli üzvləridir. Lakin cari mövsüm müxtəlif səbəblərdən çempionatda az iştirak etmələri bizi bu cür seçimə vadar edib.

Qapıçı: Mehdi Cənnətov ("Sumqayıt")
Müdafiəçilər: Anton Krivotsyuk ("Neftçi"), Maksim Medvedev ("Qarabağ"), Slavik Alxasov ("Keşlə"), Qismət Alıyev ("Qəbələ"), Şəhriyar Əliyev ("Sumqayıt")
Yarımmüdafiəçilər: Emin Mahmudov ("Neftçi"), Rahid Əmirquliyev ("Səbail"), İsmayıl İbrahimli ("Qarabağ"), Vüsal İsgəndərli ("Keşlə")
Hücumçu: Mahir Əmrəli ("Qarabağ").

Qeyd edək ki, "Apasport" bir gün öncə Premyer Liqanın əcnəbi oyunçularından ibarət simvolik komandanı tərtib edib. Ümumilikdə 34 əcnəbinin müqavilə müddəti mövsümün sonuna qədərdir.