11:07 14-04-2020
news_image
1376
FUTBOL

"Qarabağ"da qapıya nigeriyalı namizəd

"Qarabağ"ın mövsümün sonunda gücləndirəcəyi ilk mövqe qapı xətti olacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qolkiper axtarışlarını davam etdirir.

Müqaviləsi bitəcək Vaqner da Silvaya yeni sözləşmə təklif etməyən Premyer Liqa çempionunun transferində maraqlı olduğu növbəti qapıçı "Deportivo"lu Fransis Uzohodur. Baş məşqçi Qurban Qurbanov sabiq qolkiperlər İbrahim Şehiç və Asmir Beqoviçlə yanaşı, nigeriyalının durumunu da yaxından izləyir. Təcrübəli bosniyalıların Azərbaycana qayıtmağı son variant kimi görməsi və onların yaşlarının çox olması "Qarabağ" rəhbərliyini gənc və nisbətən az maaş istəyən qapıçı axtarışına vadar edib.

Təcrübəli mütəxəssis artıq bir neçə aydır gündəmində saxladığı Nigeriya millisinin üzvünü ucuz qiymətə heyətə qata biləcəklərini düşünür. Çünki Uzoho hazırda icarə əsasında çıxış etdiyi "Omonia"nın heyətində zədə səbəbindən uzun müddətdir meydana çıxa bilmir. Bu isə onun transfer dəyərini aşağı salan əsas amildir.

Nə Kipr təmsilçisi Uzohonu saxlamaqda maraqlıdır, nə də "Deportivo" qaytarmaqda. Hətta La Koruniya təmsilçisinin onunla gələn ilin yayına qədər olan müqaviləni pozması da istisna edilmir. Bu isə "Qarabağ"a Uzohonu azad agent kimi heyətinə qatmaq imkanı yaradacaq. Qolkiperin meneceri ilə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, 22 yaşlı oyunçu "Deportivo" rəhbərliyindən müqavilənin xitam verilməsini xahiş edəcək.

Qeyd edək ki, "Deportivo"nun yetirməsi olan Fransis Uzoho bu müddət ərzində daha çox digər klublarda icarə əsasında oynayıb.