11:46 14-04-2020
news_image
259
FUTBOL

Abdullah Avcı çalışmaq istədiyi ölkələrin adlarını açıqladı

"Meydanda olmaqdan ötrü darıxdığımı deyə bilmərəm. "Beşiktaş"dan ayrıldıqdan sonra ilk günlərdə rahatlaşacağımı deyirdilər. Amma peşəsini sevən adam üçün vəziyyət belə deyil".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Abdullah Avcı deyib.

Türkiyə mətbuatına açıqlama verən təcrübəli mütəxəssis sevimli peşəsinə qayıtmağa tələsmədiyini söyləyib: "Özümü ölçüb-biçmək üçün faydalı dönəmdən keçirəm. Yaşadıqlarımı analiz edirəm. Psixoloji cəhətdən və peşəkar baxımdan özümü yeniləyirəm. Fərqli formada qayıdacağam. Amma tələsmək istəmirəm".

Avcı çalışmaq istədiyi ölkələrin adlarını da açıqlayıb: "Uğura gedən yolun xəyalını qurmaq və gerçəkləşdirmək üçün çalışmaq lazımdır. Enerjim və istəyim olduğu müddətdə futbola xidmət etməyi düşünürəm. Bunu ölkə daxili və ya xaricində edə bilərəm. Əlbəttə ki, fərqli təcrübələr toplamaq istəyərəm. Əslində konkret harada işləmək istəyərəm deyə düşünməmişəm. Amma sıra ilə göstərəsi olsam, İngiltərə, İspaniya, Almaniya və Niderlandda çalışmağı göstərə bilərəm".

Qeyd edək ki, AFFA-nın baş məşqçi postuna namizədləri sırasında Abdullah Avcı ilə yanaşı, Ərsun Yanal, Canni De Byazi, Luici Di Byaco, Çezare Prandelli və Eusebio Di Françeskonun da adı var.