15:00 14-04-2020
news_image
1366
FUTBOL

Samir Əliyev: "Qocalmaq istəmirəm" - MÜSAHİBƏ

Bu gün 41 yaşı tamam olan Azərbaycanın U-19 millisinin baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi

- Əvvəla doğum günü münasibətilə sizi təbrik edirik. İlk dəfədir ki, ad gününüzü məcburiyyətdən evdə qeyd etməli olursunuz. Necə hissdir?
- Çox sağ olsun. Açığı, heç vaxt ad günümü təntənəli qeyd eləməmişəm. Futbol oynadığım dövrdə yaxınlarla bir yerə yığışmışıq. Hamı kimi, çox vaxt evdə valideynlərlə, bacı-qardaşla, ailə üzvləri ilə qeyd eləmişik. Budəfəki ad günüm də koronavirus xəstəliyinin yayıldığı vaxta düşdü. Arzu edirəm ki, bu problem tezliklə bütün dünyada bitsin. Təki hamının canı sağlam olsun, ad gününü növbəti illərdə də keçirmək olar.

- Elə bir adam varmı ki, indi yanınızda görmək istəyərdiniz?
- Ən yaxınlarım elə yanımdadırlar. Milləti yığıb böyük məclis keçirmək mənlik deyil, şöhrətpərəst deyiləm. Dostlar, qardaşlar, xəbər tutan hər kəs əlaqə saxlayıb, təbrik edir. Rusiyadan qohumlarım, Almaniyadan tutmuş bir neçə ölkədə yaşayan sinif yoldaşlarım telefonla təbrik ediblər.

- İlk təbriki kimdən aldınız?
- Evdəkilərdən. Gecə saat 12-ni keçən kimi təbrik elədilər. Dost-tanışlardan da gec yatanlar mesaj göndərdilər.

- Bu gün hədiyyə almamısınız?
- Xeyr. İndi bir yerə çıxmaq olmur. Çıxsan da, 2 saat vaxt verilir. Həm də indi o ab-hava yoxdur.

- Nə vaxtsa ad gününüzü ölkə xaricində qeyd etmisiniz?
- Düzü, yadıma gəlmir. Aprel ayında təlim-məşq toplanışı, milli səviyyəsində beynəlxalq oyun olmur. Ukraynada oynadığım dönəmdə də hansısa ad günümü orada qeyd etməyimi yadıma sala bilmirəm. Düzdür, məşqçi kimi böyük karyeram yoxdur. "Səbail"də işləyəndə 14 aprel tarixində "Qəbələ" ilə oyunumuz var idi. Orada matçdan bir gün əvvəl kollektivlə qeyd elədik. Səhəri günü uşaqlar Roman Qriqorçukun güclü "Qəbələ"si ilə heç-heçə etdilər. Hətta hesabda önə də keçmişdik, oyun 1:1 bitdi. Bu da bir hədiyyə idi.

- İndiyə qədər aldığınız ən dəyərli hədiyyə hansı olub?
- Açığı, heç vaxt kimdənsə hədiyyə gözləməmişəm. Amma hədiyyələr olub. Hədiyyənin ucuzu-bahalısı olmur. Kimsə dəyər veribsə, bu özü böyük şeydir. Hansınısa xüsusi fərqləndirməzdim.

- Artıq 41 ili geridə qoydunuz. Qocaldığınızı hiss edirsiniz?
- Get-gedə qocalıram. İnanmağım gəlmir ki, artıq 41 yaşımdayam, bir il də belə getdi. Deyirlər, hər yaşın öz gözəlliyi var. Allah nə qədər ömür veribsə, onu yaxşı yaşamaq istəyirəm. Özümü formada saxlamağa, qorumağa çalışıram. Amma yaş keçdikcə çəki də istər-istəməz artır.

- Qocalmaqdan qorxmursunuz?
- Yox, qorxmuram. Amma qocalmaq istəmirəm. Sağlam qalmaq üçün idman etmək lazımdır.

- İstədiyiniz həyatı yaşaya bilmisiniz?
- Allaha şükr edirəm. Düzdür, geriyə boylananda deyirsən ki, kaş filan yerdə belə etməyəydim. Futbolçu olmağımdan peşman deyiləm. Əksinə, sevinirəm ki, futbol məni düz yola çəkdi. Yaxşı dostlar qazandım, az da olsa tanındım. Məşqçi kimi indi futbolçudan daha məsuliyyətli olmağı tələb edirik. İstərdim ki, futbolçu dövrünə qayıdıb daha peşəkar, məsuliyyətli addımlar atım. Azərbaycanda istedadlı futbolçular çoxdur. Sadəcə, yanaşma tərzi ola bilsin ki, doğru deyil.

- İndiyə qədər nədən peşmanlıq çəkmisiniz?
- Peşmanlıq çəkdiyim anlar olub. Hər bir insan səhv edir. Amma inkişaf etmək üçün də səhv etməlisən.

- Hələ də reallaşmayan hansısa arzunuz var?
- Əlbəttə, həm övladlarla, həm də karyera ilə bağlı arzular var. Məşqçi kimi, daha irəli getmək istəyirəm. Hələ nə yaşım var. Öz üzərimdə çalışıb, böyük uğurlara imza ata bilərəm. Azərbaycan futbolunda bu gün Qurban Qurbanov kimi sima var. Onun nailiyyətləri yerli məşqçilərə stimul oldu. Təbii ki, yaşlı məşqçiləri də yaddan çıxarmamalıyıq,  onlardan məsləhətlər almalıyıq. Qurban Qurbanovun uğurunu təkrarlamaq çətin olar. Amma Azərbaycan futboluna faydalı olmağı, nailiyyətlər qazanmağı hər bir məşqçi istəyər.

Ruslan Sadıqov