23:50 15-04-2020
news_image
419
DİGƏR NÖVLƏR

70-dən çox Azərbaycan rekordunun sahibi öldü

Azərbaycan ağır atletikasına itki üz verib. 

Apasport.az saytının məlumatına görə, əməkdar məşqçi, Prezident təqaüdçüsü Yuri İvanoviç Ryabov 81 yaşında dünyasını dəyişib.

Azərbaycan ağır atletikasının inkişafında, Olimpiya Hərəkatında, yüksək dərəcəli idmançıların hazırlanmasında 50 ildən çox səmərəli idman fəaliyyəti göstərən Ryabov 25 may 1939-cu ildə anadan olub. SSRİ fəxri idman ustası, beynəlxalq və ümumittifaq dərəcəli hakim, Azərbaycanın Əməkdar məşqçisi və Prezident təqaüdçüsü olmuş mütəxəssis, idmançı kimi beynəlxalq və ümumittifaq yarışlarında ölkəmizin idman şərəfini layiqincə qoruyub. 1961-1974-cü illərdə idmançı kimi Azərbaycanın ağır atletika üzrə yığma komandasının lideri olub. 13 qat ölkə çempionu olmaqla yanaşı, 70-dən çox Azərbaycan rekordunun müəllifidir. Beynəlxalq Ağır Atletika Federasiyasının “500’’lər klubunun üzvü olub.

1974 və 1983-cü illərdə ağır atletika üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi vəzifəsində işləyib. 1979-1982-ci illərdə SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin göndərişi ilə Monqolustan Respublikasının ağır atletika üzrə milli yığma komandasında məsləhətçi-məşqçi vəzifəsində çalışıb. Monqolustan milli yığma komandası beynəlxalq yarışlarda və 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında yüksək idman nailiyyətləri əldə etdiyinə görə Monqolustanın “Əməkdar İdman xadimi” adına layiq görülüb. Bundan başqa, SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsinə görə, əcnəbi mütəxəssislər arasında “1980-ci il Sosialist yarışının qalibi” fəxri nişanı ilə təltif olunub.

1987-1992-ci illərdə Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsinin aparıcı mütəxəssisi və ağır atletika üzrə dövlət məşqçisi vəzifəsində çalışıb. 1997-ci ilin iyun-iyul aylarında Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentliyinə seçkilərdə seçki qərargahının məsul katibi vəzifəsində fəaliyyət göstərib. 1997-2009-cu illərdə Milli Olimpiya Komitəsində baş mütəxəssis və baş müşavir vəzifələrində çalışıb. Ölkənin ictimai və idman həyatında fəal iştirak edib, son illərdə Azərbaycan Milli Antidopinq Agentliyində Apelyasiya Komissiyasının üzvü olub.

Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsində və inkişafında şəxsi töhfəsinə görə Rusiya Federasiyası tərəfindən diplom və xatirə saatı ilə mükafatlandırılıb.
2015-ci il Bakıda keçirilən I Avropa Oyunlarının məşəlini daşıyanlar sırasında olub.

Allah rəhmət eləsin!