11:15 17-04-2020
news_image
227
FUTBOL

İspaniyaya yollanan “Qəbələ”li iki həftə karantində qaldı

"Otaqdan birbaşa itləri gəzməyə aparmaq üçün çıxmaq bir qədər fərqlidir".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin yarımmüdafiəçisi Fernan Lopes deyib.

Premyer Liqa dayandırıldıqdan sonra ölkəsi İspaniyaya getmək üçün icazə alan futbolçu evində ehtiyat tədbiri kimi, özünü iki həftəlik bir otaqda təcrid edib. 25 yaşlı oyunçu artıq otaqdan çıxa, itini gəzintiyə apara bilir. O, İspaniyaya qayıtmaq qərarına aydınlıq gətirib: "Həmin vaxt liqanı dayandırmalı oldular. Hələ heç bir məhdudiyyət, karantin yox idi. Bunun baş verməsindən və uzadılmasından qorxurdum. Sərhədlər bağlanmazdan əvvəl gəlmək qərarını verdim. Klubla danışdım, onlar çox gözəl insanlardırlar, mənə icazə verdilər. Mən gəldikdən bir neçə gün sonra da ölkədə karantin elan olundu".

Fernan Azərbaycandan İspaniyaya yollanarkən uçuş planını da koronavirus pandemiyası təhlükəsindən qorunmaq üzərində qurduğunu vurğulayıb: "Əvvəlcə karantin rejimində olan bir ölkəyə düşməmək üçün uçuşların təhlükəsizliyini təşkil etdim. Həmin vaxt London ən yaxşı variant idi. Çünki bir tədbir görülməmişdi. Etiraf edirəm ki, həmin iki gün mənim üçün mürəkkəb səyahət oldu. Londondan təyyarə ilə Madridə, oradan isə qatarla Viqoya yollandım. Madriddə hava limanı bomboş idi. Heç kim mənə heç nə demədi. Şəhərə çatanda gecə idi, atam məni qarşılamağa çıxmışdı. Şəhər boş idi, yolda maşın yox idi, bu da məni təəccübləndirdi. Evə çatanda otağımda iki həftəlik karantin elan etdim. Çünki atam riskli insandır. Təhlükəsizlik üçün iki həftəni onlarla münasibət qurmadan keçirdim. İndi qonaq otağına, eyvana çıxa və itimi gəzməyə apara bilirəm".

"Qəbələ"nin aparıcı futbolçusu məhdud şərait olmasına baxmayaraq, məşqlərini davam etdirdiyini deyib: "Seqoviyada performans proqramı hazırlayan bir dostum var. Getdiyim hər yerə proqram göndərir, bura da göndərib. Həftədə 6 gün məşq edirəm, yalnız 1 gün istirahət edirəm. Hər iki gündən bir "Qəbələ"nin tərcüməçisi və ya idman direktoru mənimlə əlaqə saxlayır, ümumi məlumat verir. Son qərar üçün assosiasiyanın iclasını gözləyirik. Əlbəttə ki, vəziyyət düzəldikdən sonra geri qayıdacağam. Ümumiyyətlə, Sequndadan sonra yüksək liqada oynamaq yaxşı haldır. İlk vaxtlar çətin idi, amma uyğunlaşa bildim, qollar vurdum, məhsuldar ötürmələr verdim. Komanda mövsümə qeyri-stabil başladı, eniş-yüksəlişlər yaşadıq. Forma yığıb irəliləməyə başladığımız zaman 3 futbolçumuz başqa kluba keçdi. Ancaq yenə toparlana bildik. Koronavirus problemi aradan qalxdıqdan sonra yüksəlişə keçmək istəyirik".

Qeyd edək ki, Fernan Lopesin "Qəbələ" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.