12:27 18-04-2020
news_image
193
FUTBOL

Türkiyə Super Liqasının bitəcəyi vaxt bəlli olub

"Koronavirusun vurduğu ziyan hələ bəlli deyil. FİFA bununla bağlı komissiya qurub, dünya futboluna dəymiş ziyanı hesablayır. Zamanı gələndə dəstək fondu və yardımın məbləğini açıqlayacaqlar".

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) vitse-prezidenti Sərvət Yardımcı deyib.

UEFA İdarə Heyətinin üzvü olan Yardımcı Super Liqa ilə bağlı bir neçə plan hazırladıqlarını söyləyib: "Heç bir ölkə vəziyyətin nə vaxt düzələcəyini bilmir. Almanlar çempionatı erkən bərpa etmək istəyirlər. Bizim məqsədimiz iyun-iyul aylarında Super Liqanı yekunlaşdırmaqdır. A, B və C planlarımız var. Sıx təqvimlə çempionatı bitirə bilərik. Bütün ehtimallar nəzərdən keçirilir. Mayın əvvəlində idman nazirliyinin rəsmiləri ilə görüş baş tutacaq və orada hər şey müzakirə olunacaq".

Qitə futbol qurumu rəsmisi avrokuboklar üçün tələsmədiklərini vurğulayıb: "Gələn həftə UEFA-nın videomüşavirəsi olacaq. Biz də son duruma əsasən vəziyyəti dəyərləndirəcəyik. Çempionlar Liqası və Avropa Liqası oyunlarını çempionatlar bitdikdən sonra keçirmək olar. Avrokuboklar təxminən iyul-avqust ayları üçün planlaşdırılır. Amma ölkələr arasında uçuş qadağasının ləğvinin də nə zaman olacağını bilmirik".

Sərvət Yardımcı həmçinin ÇL matçlarının İstanbula salınmasının da müzakirə mövzusu olduğunu təsdiqləyib: "Çempionlar Liqasının finalı İstanbulda idi. 1/4 final və yarımfinal oyunlarını da bura salıb, mini-turnir kimi tamamlamaq variantı var. Ancaq bunun üçün də bir çox şərtlər yerinə yetirilməlidir. Digər tərəfdən futbolçuların maaşlarının kəsilməsi məsələsi var. Koronavirus hamıya təsir edəcək. Bu üzdən hər kəs fədakarlıq etməlidir".