09:19 20-04-2020
news_image
326
FUTBOL

"Azərbaycan millisində oynayacağım barədə oxumuşam" - Miçel

"İngiltərəyə getməmişdən əvvəl İspaniyanı heç vaxt tərk etməmişdim".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.

Ölkəsi İspaniya mətbuatına geniş müsahibə verən 35 yaşlı orta sahə oyunçusu karyerası barədə danışıb. O, Azərbaycanda keçirdiyi illəri də dəyərləndirib.

"Sportinq Xixon"un yetirməsi olan Miçel yenidən orada oynamaq arzusunda olduğunu gizlətməyib: "Birmingem"də olarkən çox gənc idim, amma Yunanıstanda daha çox iş gördüm. İsraildə yaxşı təcrübə topladığımı düşünürəm. İndi də Azərbaycandayam. Bu mənim ən yaxşı şəxsi məqamlarımdan biridir. Artıq 5 ildir Azərbaycandayam və "Qarabağ"la hələ daha bir illik müqaviləm var. Hazırda çempionatda liderik və yenidən Çempionlar Liqasında mübarizə aparmağa çalışırıq. Amma burada qrupa düşmək daha çətindir. Çünki bunun üçün 4 mərhələ keçməlisən. Etiraf edim ki, "Sportinq Xixon"un stadionu "El Molinon"da sonuncu dəfə oynamaq arzum var".

"Sportinq Xixon"a dönmə ehtimalının çox az olduğunu vurğulayan futbolçu Azərbaycan millisindən təklif almadığını da əlavə edib: "Sportinq Xixon" peşəkar futbola başladığım klubdur. Amma hazırkı klubumdan da olduqca məmnunam. Formasını geyindiyim bütün klublara minnətdaram. O ki qaldı Azərbaycan millisinə çağırılmağıma, belə bir ehtimal olmayıb. Bu barədə mətbuatda oxumuşam, amma heç vaxt təklif almamışam".

Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"ın formasını geyinir.