11:22 20-04-2020
news_image
248
FUTBOL

Azərbaycanla oyun xatirəsi - İnzagi ilə Vierinin

İtaliyanın əfsanəvi futbolçuları Filippo İnzagi ilə Kristian Vieri arasında maraqlı dialoq yaşanıb.

Apasport.az saytının məlumatına görə, onlar 2003-cü ildə Azərbaycan millisi ilə keçirilən matçı xatırlayıblar.

AVRO-2004 çərçivəsində Recco Kalabriyada təşkil olunan qarşılaşmada baş verənləri yada salan sabiq hücumçular baş məşqçi Covanni Trapattoni ilə Vieri arasında yaşanan xoşagəlməz hadisənin təfərrüatını açıqlayıblar.

"Trapattoni bizi hücumda, Françesko Tottini isə arxamızda oynatmaq qərarına gəlmişdi. Totti ilə birlikdə oynamaqdan məmnun idim, rekord sayda qol vurmaq istəyirdim", - deyən İnzagi həmin görüşdə həmkarının əvəzlənməsinə səbəb olduğunu etiraf edib: "Fasilədə Trapattoninin birimizi əvəzləyəcəyini və bunun mən olacağımı bilirdim. Bu üzdən duşdan çıxıb ona yaxınlaşdım və dedim ki, Vierinin səhhətində problem var".

Matçın 55-ci dəqiqəsində əvəzlənən Vieri isə hirsindən Trapattoniyə su şüşəsini atdığını bildirib: "Əvəzlənəndən sonra Trapa su şüşəsi atdım və "niyə məni əvəzlədin" sualını verdim. Onun cavabı isə belə oldu: "Bobo, mənə Pippo dedi ki, sən xəstələnmisən".

Vierinin bu sözlərinə gülən İnzagi "həmin gün 2 qol vurdum" söyləyib.

Qeyd edək ki, İtaliyanın millimiz üzərində 4:0 hesablı qələbə qazandığı həmin qarşılaşmada Filippo İnzagi dubl edibsə, Kristian Vieri və Marko Di Vayo hərəyə bir dəfə fərqlənib.