12:09 20-04-2020
news_image
519
FUTBOL

"O, mənə banan təklif etdi, heç nə demədən oranı tərk etdim" - "Neftçi"nin müdafiəçisi

"Haiti xəstəxanalarında böyük problemlər var. Bu üzdən yardım etmək qərarına gəldim".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin müdafiəçisi Vild-Donald Gerye deyib.

Polşa mətbuatına müsahibə verən Haiti millisinin üzvü ölkəsində koronavirus pandemiyası ilə bağlı təlimatlara insanların əməl etmədiyini söyləyib: "Haitidə koronavirusa yoluxma sayı az olsa da, bunun artacağına şübhəm yoxdur. Çünki insanlar məsləhətlərə qulaq asmırlar, tövsiyələrə əməl etmirlər. Bunun hamısı təhsillə bağlı problemdən qaynaqlanır. Evlərdə televiziya, radio yox, bazarda, küçələrdə təhlükəsizlik qaydalarına əməl olunmur. Azərbaycanda insanlar qaydalara riayət edirlər. Buna rəğmən xəstələrin sayı artır. Belə bir vəziyyətdə Haitidə durum yaxşı ola bilməz".

Fransız, ispan, polyak, ingilis, portuqal və türk dillərində danışa bildiyini söyləyən 31 yaşlı futbolçu vaxtilə "Qarabağ"da çiyin-çiyinə oynadığı polşalı Yakup Jezniçakla arasındakı zarafatlaşmanın yanlış anlaşıldığını bildirib. Gerye Polşada irqçi hərəkətə məruz qaldığını da gizlətməyib: "Yakubla tez-tez zarafatlaşırdıq. O mənə "qara bambuk", mən isə ona başqa söz deyirdim. Açığı, Polşada oynadığım zaman orada irqçi davranış görməmişəm. Amma bu yaxınlarda həyat yoldaşım və əmisi Tomla orada gəzərkən bir nəfər yaxınlaşıb məni "qara" deyə çağırdı və əlini cibinə atdı. Açığı, həmin vaxt qorxdum. O, mənə banan təklif etdi, heç nə demədən oranı tərk etdim. Tom onunla dalaşmaq istəyirdi. Bir neçə il əvvəl olsaydı, bəlkə də, dalaşardım. Ancaq istəmirəm ki, övladlarım illər sonra mənim küçədə dava etdiyim bir videonu izləsinlər".

Krakov "Visla"sının sabiq sol cinah müdafiəçisi karyerasını yenidən Polşada davam etdirmək arzusunda olduğunu da gizlətməyib: "Polşaya qayıtmaq istəyimi əvvəllər də bu ölkə mətbuatına müsahibəmdə demişəm. Hətta söyləmişdim ki, "Visla", "Lex", "Legiya"da oynayaram. Sonra Krakovda gəzəndə "Visla" azarkeşi mənə yaxınlaşaraq "Get toyuğunu gətir... Öz "Legiya"ndan...".

Qeyd edək ki, Vild-Donald Geryenin "Neftçi" ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir.