13:48 21-04-2020
news_image
323
FUTBOL

"Avrokuboka getsək, heç kim haqqına girdiyimizi deməz" - "Keşlə"nin futbolçusu

"Çempionatın dayandırılması bir növ xeyrimizə oldu. Çünki həmin anda istirahət lazım olan komandalardan biri də "Keşlə" idi".

Bunu apasport.az saytına "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

25 yaşlı hücumameyilli oyunçu koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasiləni dəyərləndirib. Milli komandamızın üzvü mövsümün ikinci yarısındakı xal itkilərinə məyus olduqlarını söyləyib: "Mövsümün ikinci yarısı tam istədiyimiz kimi alınmaya bilər. Amma 4-cü pillədəki komanda ilə xal fərqimiz daha da artdı. Sadəcə, "Neftçi"nin bizdən uzaqlaşması pis oldu. Hamı bizdən daha çox şey gözləyirdi. Məsələn, "Səbail"lə matçda qələbə qazanmalı idik. "Neftçi"yə uduzmamağı, "Sumqayıt"la görüşdə xal itirməməyi gözləyirdik. Bunları xeyrimizə çevirə bilsəydik, indi turnir cədvəlində mövqeyimiz daha yaxşı olardı".

İsgəndərli hesab edir ki, çempionat bərpa edilməsə belə, "Keşlə" 3-cü yerin sahibi kimi Avropa Liqasında iştirak hüququna layiqdir: "Mövsümün sonuna 8 tur qalıb. Bundan sonra daha 2 qələbə ilə 3-cü pillədəki yerimizi, demək olar ki, təmin edəcəyik. Mən də istəyirəm avrokuboka yollanarkən meydana fəxr hissi ilə çıxaq ki, çempionatı sona qədər keçirmişik. Məncə, indiki duruma əsasən də avrokuboka getsək, heç kim haqqına girdiyimizi, haqsızlıq olduğunu deməz. Sadəcə, avrokuboka 4-cü iştirakçının necə müəyyənləşəcəyini bilmirəm. "Keşlə" çempionatın bərpasına hazırdır".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən XX turdan sonra dayandırılan Premyer Liqada "Keşlə" hazırda 30 xalla 3-cü pillədə qərarlaşır. Paytaxt təmsilçisi 2-ci yerdəki "Neftçi"dən 7 xal az, 4-cü sıranın sahibi "Sumqayıt"dan isə eyni sayda çox xal toplayıb.