12:04 23-04-2020
news_image
2811
FUTBOL

Adı bənzər, özü fərqli qonşular - Azərbaycan Premyer Liqasında

Azərbaycan çempionatları tarixinə səyahəti davam etdirən “Apasport” Cənubi Amerika təmsilçiləri barədə 3-cü yazısı Uruqvayla Paraqvaya həsr olunub. Həm qonşu, həm adları bənzər olan bu ölkələr istər ərazi, əhali və iqtisadi baxımdan, istərsə də idman və futbol baxımından Braziliya və Argentina ilə müqayisə oluna bilməz.

Eyniadlı çayların adını daşıyan bu ölkələr bir-birindən də çox fərqlənir. Okeana çıxışı olduğundan daha zəngin olan Uruqvay futbolda da Paraqvaydan üstündür. Hətta uruqvaylılar uzun illər Cənubi Amerika və dünya futbolunun lideri də olub. Ötən əsrin ilk yarısında qazanılan iki dünya çempionluğu da buna sübutdur. 1930-cu ildəki ilk mundialın təşkilatçısı və qalibi finalda Argentinanı məğlub etmişdisə, 20 il sonra əfsanəvi “Marakana”da 200 min tamaşaçı önündə Braziliyaya yerinə göstərmişdi. Lakin sonradan mövqeyini əldən verən Uruqvay müasir futbolda qitənin 3-cüsü imicini formalaşdırıb.

Cənubi Amerikanın ürəyi sayılan Paraqvay qonşusu ilə müqayisədə kifayət qədər kasıb ölkə hesab olunur. Bu, yaşıl meydanlarda da öz əksini tapır. Əgər Uruqvayın Xose Nasazzi, Ektor Skarone, Xuan Skyaffino, Xose Leandro Andrade, Viktor Rodriges Andrade, Entso Françeskoli, Dieqo Forlan, Alvaro Rekoba kimi keçmiş ulduzları, bu gün də meydanlarda olan Luis Suares, Fernando Muslera, Edinson Kavani, Qodin kimi oyunçuları varsa, Paraqvayda ən yaxşı halda Xose Luis Çilavertin adı yada düşür. Azərbaycana gəlib-getmiş bu iki ölkə təmsilçilərinin karyerası və çıxışı da həm fərqli, həm oxşar məqamlarla diqqət çəkir.

Qol vurmağa gələnlər
Azərbaycana legioner axını 2004-cü ilin yayında başlasa da, ilk cənubi amerikalılar həmin vaxt ölkəmizə gəlsə də, Uruqvay zaman baxımından geridə qaldı. Bu ölkədən olan futbolçular yalnız 2007/08 mövsümündə çempionatımızda debüt etdi. “Standard” Sebastyan Martineslə Anxel Qutyerresi, “İnter” (indiki “Keşlə”) Valter Quqlemonla Roman Quelanu Azərbaycana gətirdi. Onların hamısı ilk mövsümdən qol vurmaq bacarığını göstərməyə başladı. Elə bir il sonra “Standart”in növbəti tapıntısı Riçard Rekelme də ön xətdə başarılı olduğunu nümayiş etdirə bildi. Azərbaycan çempionatları tarixində meydana çıxan cəmi 5 oyunçu 63 qol vurmağı bacardı. Bu, uruqvaylıların ümumi məhsuldarlığının təcəssümü idi.

Ulduzun bombardir qardaşı
Məhsuldarlıqdan söz düşmüşkən, bu ölkə təmsilçilərinin rekordçusu Valter Quqlemondur. Uruqvay yığmasının və PSJ-nin ulduzu Edinson Kavaninin böyük qardaşı “İnter” və “Neftçi”də ümumilikdə 30 qol vurdu. O, 2008/09 mövsümündə 17 topla Premyer Liqa tarixinə çempionatın ilk qeyri-avropalı bombardiri kimi də düşdü. Bir il əvvəl isə o komanda yoldaşı olan həmyerlisi  Quela ilə birgə Azərbaycan çempionluğu yaşadı. “İnter”in növbəti çempionluğunda isə Qutyerres pay sahibi olmağı bacardı. Valter iki klubda oynadığı müddətdə 3 dəfə Azərbaycan kubokunun finalında oynamağı, hamısında da uduzmağın üzüntüsünü də yaşadı.

Gəzməyi sevən rekordçu
Premyer Liqada ən çox oyun keçirən uruqvaylı isə Qutyerresdir. O, həm də daha çox – 4 klubun şərəfini qoruyub. “Standard”ın gətirdiyi, “İnter”in çempion etdiyi cənubi amerikalı “Muğan”la “Rəvan”da da forma geyinib. Sonuncuların formasını 2011/12 mövsümündə geyinən Anxeldən sonra Azərbaycan uruqvaylı görməyib. 
Ümumiyyətlə, “İnter” və “Standard” hərəyə 3, digər klublar – “Neftçi”, “Rəvan” və “Muğan” bir dəfə bu ölkədən olan oyunçuya güvənib.

futbolçu

oyun

qol

Anxel Qutyerres

93

21

Valter Quqlemon

67

30

Riçard Rekelme

40

4

Sebastyan Martines

29

6

Roman Quela

9

2

Paytaxtdakı turist
İlk uruqvaylılar kimi Paraqvayın da birinci təmsilçisi 2007/08 mövsümündə peyda olub. “Bakı”nın səs-küylə heyətinə qatdığı İsrail Rodriges artıq qış fasiləsində lazımsız oyunçu kimi göndərildi. Mövsümün ikinci yarısında isə hücumçu “Standard”da uruqvaylılarla çiyin-çiyinə oynayır, daha çox ehtiyatda qalırdı. Ölkəmizə daha çox turist kimi gələn Rodrigesin uğursuz çıxışına görə uzun müddət onun həmyerlilərinə də inam itdi.

Titul ovçusu
Premyer Liqada növbəti paraqvaylını 5 il gözləmək lazım gəldi. Ardıcıl iki çempionluq yaşayan “Neftçi” Erik Ramosu sıralarına qatdı. Elə ilk mövsümdə komandanın aparıcı oyunçusuna çevrilən yarımmüdafiəçi Avropa Liqasının qrupunda oynadı, çempionluq və kubok qazanmaqla “Qızıl dubl”un sahibi oldu. Sonradan daha üç dəfə kubokun finalında oynayan Ramos “ağ-qaralar”ı bu turnirdə qazanılan 2 titulla tərk etdi. Oyun sayında paraqvaylılar arasında rekordçu olan Erik ötən mövsüm Azərbaycana qayıtdı. O, ölkəmizdəki 5-ci mövsümünü “Sabah”da keçirdi.

Qardaşlar
Ramosun “Neftçi”dəki uğurlu çıxışı paraqvaylılara marağı artırdı. Ondan sonra ölkəmizə gələn həmyerliləri arasında ən yaddaqalan oyunçular Meza Kolli qardaşları oldu. Sezar “Keşlə”nin heyətində kubok qazanmağı da bacardı. İndi də bu komandada çıxış edən yarımmüdafiəçi cari mövsümün gedişində oyun sayında qardaşı Derlisi də arxada qoydu. 6-cı mövsümünü keçirən Sezar həm qol, həm oyuna görə ikincidir. Derlis isə daha çox – üç klubda oynamaqla diqqət çəkib. “İnter”, “Neftçi” və “Qəbələ” formasını geyinən yarımmüdafiəçi Premyer Liqada iki gümüş, bir bürüncə yiyələnib. Təsadüfi deyil ki, AFFA da Sezarın sabit çıxışını diqqətlə izləyib onu milliləşdirmək həvəsinə düşüb. Bu sevda baş tutsa, o, yığmamızın ilk paraqvaylısı olacaq. Sezar həm də 3-cü pasportuna sahib çıxacaq. Çünki qardaşı kimi onun da həm Paraqvay, həm İtaliya vətəndaşlığı var.

Bombardir və ...
Premyer Liqanın ən məhsuldar paraqvaylısı isə Xulio Sezar Rodrigezdir. Bütün qollarını 2019-cu ildə çıxış etdiyi “Zirə”də vuran hücumçu yüksək məhsuldarlığını yeni klubu “Sabah”da davam etdirə bilmir. Onun hesabında 12 top var. 

Cari mövsümün gedişində bombardirlər yarışında özündən söz etdirən Lorenzo Frutosun da qolçuluq keyfiyyətləri qeyd olunmalıdır. Onun qolları sayəsində Azərbaycanda oynamış 7 paraqvaylının ümumi qol sayı 40-a çatıb. Bu ölkə təmsilçilərinin passivində Ramosun imza atdığı avtoqol da var. Frutosa gəlincə, qış fasiləsindən sonra heyətdəki yerini itirməkdə olan cənubi amerikalının mövsümün sonunda göndərilməsi də istisna deyil. Bu hal yaşansa, o, həmyerliləri İsrail Rodriges və vaxtilə “Neftçi”də ümidləri doğrultmamış Fransisko Qarsiya kimi bir mövsümük transfer olacaq. 

futbolçu

oyun

qol

Erik Ramos

148

5

Sezar Meza Kolli

86

11

Derlis Meza Kolli

85

5

Xulio Sezar Rodriges

29

12

Lorenzo Frutos

17

6

İsrail Rodriges

16

1

Fransisko Qarsiya

11

0