16:22 23-04-2020
news_image
173
FUTBOL

Milli çempionatlar üçün pley-off və mini-turnir alternativi

UEFA Avropa ölkələrində milli çempionatların başa çatdırılması xatirinə alternativ variantları nəzərdən keçirməyə hazırdır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurumun İcraiyyə Komitəsi üzv assosiasiyalara bir neçə təqvim planı hazırlamağı tövsiyə edib.

Assosiasiyalar milli çempionatların təqvimi ilə bağlı planını mayın 27-nə qədər UEFA-ya təqdim etməlidirlər. Qurum qalan matçların tərtib olunacaq təqvimə əsasən keçiriləcəyinə əmin olmaq istəyir. Hətta mövsümün pley-off və ya mini-turnir şəklində bitirmək imkanı da verilib. Belədə qısaldılmış formata keçiləcək və nəzərdə tutulan vaxta qədər mövsüm yekunlaşacaq.

Əgər koronavirus pandemiyası ilə bağlı problem hansısa ölkədə futbolçuların səhhətinə təsir edəcəksə, o zaman Belçikada olduğu kimi, çempionatların vaxtından əvvəl yekunlaşdırılmasına da razılıq veriləcək. Belə vəziyyətdə idman prinsipinə uyğun olaraq növbəti mövsüm üçün avrokubok iştirakçıları müəyyənləşəcək.

Qeyd edək ki, UEFA assosiasiyaların qarşısına yarışları avqustun 3-dək yekunlaşdırmaq tələbi də qoyub.