01:25 24-04-2020
news_image
72
FUTBOL

Avropa Liqasında iştirak edən klubların oyunçularının maaşları kəsiləcək

Koronavirus pandemiyası ilə əlaqədar basketbol üzrə Avropa Liqasında iştirak edən klubların oyunçularının maaşları kəsiləcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqası Oyunçular Birliyi ilə Avropa Liqası rəhbərliyi arasında bu barədə razılıq əldə olunub.

Anlaşmaya əsasən, yarışlar bərpa olunana qədər basketbolçular maaş almayacaqlar. Əgər mövsüm bərpa olunsa və oyunlar sona qədər keçirilsə, məvaciblərin 85 faizi, yarış ləğv olunarsa, 80 faizi avqustun 15-nə qədər ödəniləcək. Basketbolçuların müqavilə müddəti iyulun 31-nə qədər olacaq. Mövsüm ləğv edilərsə, avtomatik olaraq sözləşmələr bitəcək.

THY Avropa Liqası və ULEB Avropa Kubokunda mövsümün davam edib-etməyəcəyinə mayın 24-nə qədər qərar veriləcək. Bərpa edilmə qərarı verilsə, oyunçular 29 may - 11 iyun tarixlərində karantinə alınacaq, iyunun 12-dən iyulun 2-nə qədər isə hazırlıq keçəcəklər. Belə olarsa, 4-26 iyulda THY Avropa Liqası, 4-17 iyulda isə ULEB Avropa Kuboku bir zalda azarkeşsiz təşkil ediləcək.

Avropa Liqasında 54 görüşün keçirilməsi, çempionu müəyyənləşdirmək üçün bir oyundan ibarət olmaqla 8-li finalın təşkili planlaşdırılır. Avropa Kubokunda isə 1/4 final, yarımfinal və finalın hansı formatda olacağı bəlli deyil.