11:31 24-04-2020
news_image
3251
FUTBOL

Samir Abasov Abdullah Avcıya söz atdı: "Türkiyəlilər məşqçilikdən danışmasınlar"

"Yılmaz Vuralın adını eşitmişəm, amma tanımıram. Əgər oxuyası olsam, mənim üçün ən son variant Türkiyə olar".

Bunu apasport.az saytına "Sumqayıt" və "Zirə"nin sabiq baş məşqçisi Samir Abasov türkiyəli Yılmaz Vuralın Azərbaycan futbolu haqda fikirlərinə münasibət bildirərkən deyib.

67 yaşlı mütəxəssisin bu yaxınlarda "azərbaycanlı məşqçilərin mənim təcrübəmə ehtiyacı var", - fikrinə Abasov özünəməxsus şəkildə cavab verib: "Fənərbaxça"da, "Qalatasaray"da möhtəşəm futbolçular var. Gedib onların məşqinə baxaram. Ancaq sıralasaq, öyrənmək istəyəcəyim son məşqçilər türkiyəlilər olar. Onların futbolçu karyeralarına hörmət edirəm. Amma siz Allah, məşqçilikdən danışmasınlar".

Milli komandamızın sabiq futbolçusu Türkiyədəki təlim-məşq toplanışları zamanı gördükləri münasibətdən narazılıqla danışıb: "Antalya toplanışları bizim klublar üçün artıq adi haldır. Yerli klublarla yoxlama görüşü keçirdiyin zaman onların məşqçilərinin bizə olan münasibətini görürük. Elə zənn edirlər ki, onlar dağın başında, biz isə ətəyindəyik. İki ölkənin futbol səviyyəsini müqayisə etsək, bəlkə də, haqlıdırlar. Amma biliyə qaldıqda belə düşünməyə haqları yoxdur. Yoxlama görüşləri vaxtı gəlib azərbaycanlı məşqçi ilə görüşməyi belə özlərinə rəva bilmirlər. Axı bu komanda sənin ölkənə Azərbaycandan qonaq gəlib. Məsələn, son dəfə Ümit Özatın komandası ilə qarşılaşmışdıq. Gəlib salam verməyə belə lüzum görmədi".

Samir Abasov qonşu ölkə məşqçilərinin özündənrazı açıqlamaya meyilli olduqlarını söyləyib. O, hətta Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Abdullah Avcıya da söz atıb: "Türkiyə futbolu Azərbaycan futbolundan üstün olduğu üçün məşqçiləri bizə yuxarıdan aşağı baxırlar. Sərgən Yalçının yəqin ki, bizim milli haqda söylədikləri yadınızdadır. Demişdi ki, bu qarınla biz də Azərbaycan yığmasına qalib gələrik. Şəxsən mən azərbaycanlı məşqçilərə öyrənmək üçün vaxtını, pulunu sərf edib Türkiyəyə getməyi məsləhət görmərəm. Çünki elə bir türkiyəli məşqçi yoxdur ki, gedib ondan nəsə öyrənə bilim. Deyirlər ki, Abdullah Avcı texnologiya ilə yaxşı işləyir. Mənə kompüteri öyrədəcək adam lazım deyil. Məşqçi paltardəyişmə otağını ələ almağı, oyunçularla münasibəti balansda saxlamağı, psixologiyanı öyrətməlidir, kompüteri yox".

42 yaşlı çalışdırıcı üçün prioritet məşqçinin ortabab komandanı yüksək səviyyəyə çatdırmasıdır: "Mənim üçün top-klubu çalışdırmaq yox, çalışdığı yeri top-klub səviyyəsinə gətirmək prioritetdir. Yurgen Klopp, Yulian Naqelsman kimi məşqçilər çalışdırdıqları klubu "top" səviyyəyə çatdırmağı bacarıblar. Hamı da onların komandasından danışır. Mənim üçün güclü məşqçi bunları bacarandır. Məsələn, "Real"dan müdafiəçi alırsan, bir ildən sonra onu "Yuventus"a göndərib, oradakını gətirirsən. Belə məşqçi işləməyə nə var. Mənim üçün əsas odur ki, sən nə edə bilirsən, kimi üzə çıxarırsan və ya daha da məşhurlaşdırırsan. Bunları da Kloppda görürəm".