14:08 24-04-2020
news_image
808
FUTBOL

“Neftçi”nin qol maşını, “Zirə”nin kəşfi - mövsümlük boliviyalılar

Azərbaycan çempionatları tarixinin coğrafiyasına səyahət edən “Apasport” bu dəfə Cənubi Amerikanın şərqini nəzərdən keçirəcək. Burada yerləşən Çili, Boliviya və Peru böyük futbol ölkələri sayılmasa da, müxtəlif vaxtlarda ani uğurlar əldə etməyə, həmçinin məşhur ulduzlar yetişdirməyə müyəssər olub. 

“Neftçi”nin qol maşını
Bu üç ölkə arasında ən güclü futbol ənənələrinə Çilinin malik olduğunu desək yanılmarıq. Son üç Amerika kubokundan ikisinin qalibi olan və final matçlarında Lionel Messili Argentinaya qənim kəsilən bu ölkənin yığması dəfələrlə mükafatçılar sırasına düşüb. Hətta dünya çempionatının da mükafatçısı olan Çili mundiala ev sahibliyi də edib. Aleksis Sançes, İvan Samorano və bu səviyyədə onlarla ulduzu olan ölkənin təmsilçiləri Azərbaycanda da xüsusi iz qoyub. İlk dəfə 2012-ci ildə ölkəmizə qədəm qoyan çilili Nikolas Kanales olub. Hücumçu qısa müddətdə “Neftçi”nin qol maşınına çevrildi. “Ağ-qaralar”ın heyətindəki ilk mövsümdə vurduğu 26 topla çempionatın bombardiri olan cənubi amerikalı azarkeşlərdə özü barədə unudulmaz qoleador imici formalaşdırdı. Azərbaycan çempionatlarında bir mövsümə ən çox qol vuran legioner kimi tarixə düşən forvard həmin il “Neftçi” ilə Avropa Liqasının qrupunda oynadı, çempionluq və kubok yaşamaqla “Qızıl dubl”a sevindi. Sonradan bir neçə dəfə klubu tərk edib, yenidən qayıdan Nikolas sonradan əvvəlki məhsuldarlığı nümayiş etdirə bilmədi. Daha iki dəfə kubokun finalında oynayan çilili ümumilikdə 3 mövsümdə 38 qola imza atdı. Onun debüt mövsümündə “Neftçi”də daha bir həmyerlisi olsa da, Joze Kabionun günü ehtiyat oyunçular skamyasında keçdi.

Kanalesin sonuncu – uğursuz qayıdışından sonra da xilaskarını Çilidə axtaran “Neftçi” İqnasio Herraranı heyətində qatdı. Paytaxt klubunda iki mövsüm keçirən cənubi amerikalı Nikolas qədər faydalı olmasa da, ümumilikdə pis təsir bağışlamadı. Onun qazancı isə çempionatın bürünc mükafatı oldu. Paytaxt klubundan sonra bu ölkəyə üz tutan ikinci təmsilçimiz “Qəbələ” oldu. Cari mövsümün qış fasiləsində Rodriqo Qattasla anlaşan “qırmızı-qaralar” hələlik onun faydasını görə bilmir.

Dağ qəhrəmanları
Futbol meydanlarındakı uğurları Çili qədər də olmayan Boliviya da müxtəlif illərdə fərqlənməyi bacarıb. Hətta Amerika kubokunu başı üzərinə qaldıran bu ölkənin futbolçuları mundiallarda da vəsiqə qazanıb. Avropa klublarında da təmsilçiləri olmasına baxmayaraq, bu ölkənin ulduzları heç vaxt ən yaxşılar arasında olmayıb. Ən diqqətçəkən məqamı ev oyunlarını dəniz səviyyəsindən yüksəklikdə keçirib, istənilən rəqibi dağlarda məğlub etmək olan Boliviya Azərbaycana da futbolçu bəxş edib. Premyer Liqada ilk belə oyunçular 2008/09 mövsümündə peyda oldu. Julio Sezar “Standard”ın, Auqusto Andaveris “İnter”in (indiki “Keşlə”) heyətində bir gün fərqlə debüt etdi. Bir gün öncə meydana çıxan Julio vətəninə də tez göndərildi. Auqusto isə ara-sıra qollar vurmağı bacarsa da, bir mövsümdən artıq qalmadı. Amma bu müddətdə kubokun finalçısı və Premyer Liqanın gümüş mükafatını əldə etdi. Sonuncu boliviyalı isə 2012/13 mövsümündə “Bakı”nın heyətində meydana çıxdı. Edemir Rodrigez oyun sayında həmyerlilərini arxada qoymağı da bacardı. Hər üç boliviyalı ölkəmizdə qol sevinci yaşamağa nail olsa da, karyeraları qısamüddətli oldu.

“Zirə”nin kəşfi
İki dəfə Amerika kubokunu qazanmış, dəfələrlə dünya çempionatlarının final mərhələsində oynamış Peru ulduzlardan xali deyil. Bundesliqada qocalmaq bilməyən Klaudio Pizarro belələrindən biridir. Teofilo Kubilyas, Paolo Gerrero, Cefferson Farfan kimi oyunçulara malik ölkə Azərbaycan çempionatlarında yalnız ötən yay kəşf olunub. Bunu da “Zirə” bacarıb. Qəsəbə klubunun transfer etdiyi Alvaro Ampuero ölkəsinin Premyer Liqamızdakı ilk və hələlik yeganə təmsilçisidir. Klubunda möhkəmlənməyi bacaran futbolçunun həmyerliləri üçün cığıraçan rolunu oynaya biləcəyi də istisna deyil.

Çili

Nikolas Kanales

66

38

İqnasio Herrera

40

11

Rodriqo Qattas

2

0

Joze Kabion

1

0

Boliviya

Edemir Rodrigez

17

2

Andaveris Auqusto

15

5

Julio Sezar

3

1

Peru

Alvaro Ampuero

16

0